Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” texnologiyası fəqərələrdə əmələ gələn şişləri əvəz etməyə kömək edib


Çində şişdən əziyyət çəkən xəstənin fəqərə sümüyünü üçölçülü texnologiya vasitəsilə uğurla dəyişdirən unikal əməliyyat keçirilib. 

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, Yuan soyadlı Pekin sakini beyin və onurğalarda əmələ gələn nadir şiş növü xordomadan əziyyət çəkib. Embrion xordasının qalıqlarından inkişaf edən xəstəlik barədə hazırda tədqiqatçılar onun təsnifatı ilə bağlı yekdil fikrə malik deyillər. Məsələ ondadır ki, xordoma üçün zəif artım tempi xarakterikdir və o, ilkin yaranma nahiyələrinin hüdudlarından kənara çıxan metastazları nisbətən nadir hallarda verir. Eyni zamanda xəstəliyin müalicəsi çox çətin aparılır və onun yenidən yaranma ehtimalı tamamilə mümkündür.

Bildirilir ki, xordomanın çox nadir növü ilə üzləşən paytaxt sakininin əksər fəqərələrində şişlər əmələ gəldiyinə görə xəstəyə Pekin Universitetinin həkimləri tərəfindən cərrahi müdaxilə edilib. Şişlərin əmələ gəldiyi fəqərələr kəsilib götürüldükdən sonra bədənə “3D” printerdə çap edilən 19 santimetrlik implant yerləşdirilib. Əməliyyatın bir dəfəyə həyata keçirilməsi riskli olduğuna görə onun bir neçə mərhələdə keçirilməsi qərara alınıb. İmplant onurğanın əyilmə xüsusiyyətləri, eləcə də onun dözməli olduğu yüklənmə nəzərə alınaraq hazırlanıb. Mütəxəssislər xüsusi məsaməli materialdan istifadə ediblər: bu, onun daha yaxşı uyğunlaşmasını təmin etmək üçün lazım olub.

Həkimlərin sözlərinə görə, “3D” çap olmadan xəstəyə kömək etmək qeyri-mümkün olardı. Ekspertlər qeyd edirlər ki, əməliyyat uğurla keçirilib və xəstə tezliklə normal həyata qayıda biləcək.

Qeyd edək ki, hazırda tibb sahəsində “3D” çapdan daha çox istifadə olunmağa başlayıb. Daxili orqanların (bu halda canlı hüceyrələrin funksiyaları saxlanılmaqla onlardan istifadə olunur) və protezlərin çapı üçün nəzərdə tutulan “3D” printerlər aktiv şəkildə hazırlanır. Texnologiya, həmçinin dərman istehsalında tətbiq edilir.

Nizam Nuriyev 




09/07/16    Çap et