Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektli mobil proqram yolda qeyri-adekvat sürücülər barədə xəbərdarlıq edəcək


İsrailin “Nexar” şirkəti süni intellekt əsasında işləyən dünyanın ilk videoregistrator əlavəsini nümayiş etdirib. “Nexar” adlanan proqram “iPhone” smartfonunu potensial təhlükəli sürücüləri müəyyənləşdirən və yol-nəqliyyat hadisəsinə düşmək riski haqqında əvvəlcədən xəbərdarlıq edə bilən video yazan qurğuya çevirir.
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Nexar” işıqforları tanıyır, pis sürücülərin nömrə nişanlarını xatırlayır və bütün baş verənləri qeydə alır, yol-nəqliyyat hadisəsi baş verən zaman videoqeydləri sığorta təşkilatlarına və ya polisə ötürür.

Bildirilir ki, əlavə yükləndikdən sonra “iPhone” avtomobilin cihaz panelində smartfonun əsas kamerası yola istiqamətlənmiş vəziyyətdə quraşdırılır. Sürücünün avtomobilini kimsə vurduqda, əyləcə basmağa məcbur etdikdə, "Nexar” hər şeyin qaydasında olmasını dəqiqləşdirir. İnsidentin təsdiqi üçün ekrandakı düyməni basmaq kifayət edir və əlavə hadisədən əvvəlki 20 və sonrakı 10 saniyə kadrlarını seçir və onları arxivləşdirmək üçün şirkətin məlumat bazasına göndərməklə baş verənlərlə bağlı faktiki məlumatlar toplayır.
Şirkət nümayəndələrinin sözlərinə görə, onların texnologiyası smartfon ötürücüləri vasitəsilə avtomobilin qəzada dəqiq vəziyyətinin “3D” formatında qrafik təsvirinin təkrarını yarada bilər. Bu, yol-nəqliyyat hadisəsinin təqsirkarını müəyyənləşdirən zaman faydalı ola bilər. 

Bundan başqa, “Nexar” yol hərəkəti qaydalarını dəfələrlə pozan avtomobillərin nömrə nişanlarını “oxuya” və müəyyənləşdirə bilir.

Şirkət avtomobil qəzaları və digər pozuntular barədə real vaxt rejimində xəbərdarlıq etmək üçün İsrailin aparıcı “Waze” naviqasiya əlavəsi ilə əməkdaşlıq edir. Eyni zamanda “Nexar” sığorta şirkətlərinə yol-nəqliyyat hadisələri ilə bağlı sənədləşməni təqdim etməklə onlarla əməkdaşlığı planlaşdırır.
“Nexar” əlavəsini “iOS 8.0” və sistemin daha yuxarı versiyalarının idarəetməsi ilə işləyən qurğular üçün bu ünvandan pulsuz yükləmək mümkündür.

Nizam Nuriyev 





14/07/16    Çap et