Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Türk Şurasına üzv dövlətlərin İKT üzrə ilk Nazirlər toplantısı keçirilib


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya-kommunikasiya texnologiyaları üzrə birinci Nazirlər toplantısı keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının sahə üzrə nazirləri və nazir müavinləri iştirak edib.
 
 İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.
 
Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə birinci Nazirlər toplantısı dövlət başçıları tərəfindən dəstəklənən təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələrin aparılması, fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün təşkil edilib.
 
Nazir qeyd edib ki, türkdilli ölkələr arasında iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan səylərini əsirgəmir. İnfrastruktur layihələri haqqında  danışan nazir Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü olan "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin önəmini qeyd edib.
 
R.Quluzadə bildirib ki, böyük coğrafi ərazini əhatə edən türk dövlətləri mövcud imkanlardan  faydalanmaqla TASİM kimi infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində real addımlar atılmalıdır. Nazir təklif edib ki, regionda genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsi işçi qrupunun fəaliyyət istiqamətlərindən birini təşkil etsin.
 
"Əminəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində ildə iki dəfə keçiriləcək İKT üzrə işçi qrupunun iclasları və hər il təşkil olunacaq Nazirlər toplantısı dövlətlərimiz arasında bu sahədə əməkdaşlığa təkan verəcək və  yeni bir platforma rolunu oynayacaq" - deyə nazir qeyd edib.
 
İclasda Türk Şurasının Baş katibi səfir Ramil Həsənov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Qazaxıstan Respublikasının informasiya və kommunikasiya nazirinin müavini Alan Ajibayev, Qırğızıstan Respublikasının İnformasiya Kommunikasiya Texnologiyaları Dövlət Komitəsinin sədri Bakıt Şarşembiyev çıxış ediblər. Qeyd edilib ki, türkdilli dövlətlərin peyk xidmətləri, elektron hökumət həlləri, kibertəhlükəsizlik istiqamətləri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Buna görə də Şuraya üzv olan ölkələr perspektiv layihələrdə bu imkanlardan faydalanmalıdır.
 
Daha sonra, Türkiyə Poçt və Teleqraf Təşkilatı ilə "Azərpoçt"  MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
Müzakirələrin sonunda İşçi Qrupunun  kibertəhlükəsizlik, "Elektron hökumət", TASİM layihəsi və peyk xidmətləri üzrə 4 alt qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.
 
Xatırladaq ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.





29/11/16    Çap et