Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Epidemiyaların monitorinqi üçün pulsuz sayt təqdim edilib


Beynəlxalq alimlər qrupu epidemiologiya sahəsində elmi tədqiqatların nəticələrinin vizullaşdırılması və monitorinqi üçün pulsuz internet platforması təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, müxtəlif regionlarda cari epidemioloji vəziyyəti izləmək üçün müşahidələrin nəticələri adətən istifadəsi məhdud xüsusi məlumat bazalarında saxlanılır. Bəzən onlarla hətta başqa ölkələrin alimləri də tanış ola bilmirlər. Öz növbəsində açıq informasiya elmi jurnallarda dərc edilir, lakin bu halda məqalənin çap edilməsi üçün gözləmə vaxtı (məqalənin verilməsi və çapı arasında olan vaxt) 2 ilədək çəkə bilər. Beləliklə, xəstəliklərin yayılması barədə aktual məlumatların alınma üsulu indiyədək mövcud olmayıb.

Məlumata görə, boşluğu aradan qaldırmaq üçün London İmperiya Kollecinin və digər təhsil ocaqlarının alimləri pulsuz “Microreact” internet servisi hazırlayıblar. Platforma qlobal məlumat mübadiləsi prinsipi əsasında yaradılan “bulud” texnologiyalı sistemdir. Onun vasitəsilə alimlər dünya xəritəsi üzərində, məsələn, bu və ya digər regionda qeydə alınan müxtəlif virus ştammlarına uyğun rəngli nişanları qeyd edə biləcəklər.

Tədqiqatlar barədə ətraflı məlumatları, o cümlədən ştammların təsvirini aşağı paneldə yerləşdirmək olar.
İstifadəçilər sürüngəcin köməyi ilə xəstəliklərin və ya bütöv orqanizmlərin yayılma tarixçəsini izləyə bilərlər. Hazırda saytda pnevmokok (Streptococcus pneumoniae), salmonella (Salmonella typhi), vəba vibrionu (Vibrio cholerae), eləcə də Y insan xromosomu qaploqrupları haqqında metodoloji məlumatlar təqdim edilib. Sayta yeni məlumatların əlavə edilməsi faylların (CSV, TSV, NWK və NEWICK formatlarında) brauzer pəncərəsinə köçürülməsi ilə həyata keçirilir.

Servisin son elmi kəşflərin mübadiləsi ilə bağlı problemin həllinə imkan verəcəyi gözlənilir.

Nizam Nuriyev





30/11/16    Çap et