Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya Poçt İttifaqının Baş direktoru “Bakutel-2016” sərgisi ilə tanış olub


"Bakutel-2016" XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru Bişar Hüseyn Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə tanış olub.
 
 
Qeyd edək ki, bu, ÜPİ-nin yüksəksəviyyəli rəsmisinin ölkəmizə üçüncü səfəridir.
 
 
Keniya vətəndaşı olan Bişar Hüseyn 2012-ci ildən ÜPİ-nin Baş direktoru vəzifəsini icra edir.
 
 
Sərgi ilə tanışlıq zamanı, Baş direktor  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyonda olub, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ona həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.
 
 
"Elektron hökumət" portalının stendi ilə tanışlıq zamanı bildirilib ki, portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. Bu günədək ölkədə 100 mindən artıq "elektron imza" istifadəyə verilib.
 
 
Sonra qonağa  ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verilib.
 
 
Bildirilib ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış "bulud" texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan "bulud" texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. 
 
 
Yeni yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin stendində məlumat verilib ki, bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
 
 
Sonra innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verilib.
 
 
"Azərkosmos" ASC-nin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan "Azerspace-1" üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bildirilib ki, ikinci telekommunikasiya peyki "Azerspace-2"-nin SSL şirkəti tərəfindən istehsalı və "Ariannespace" şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
 
 
Yerli startapçılar tərəfindən hazırlanan məhsullarla tanışlıq zamanı qeyd edilib ki, "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında "Bakı Treki" və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
 
 
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələrindən biridir və dünyanın 193 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan 1993-cü ildən ÜPİ-yə üzv qəbul edilib.
 
 
Təşkilat ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyir, şəbəkə və xidmətlərin inkişafında qlobal mərkəz əlaqələndirici funksiyasını həyata keçirir.
 
 
Ölkəmiz bu təşkilatla əməkdaşlıq əlaqələrini son dövrlərdə daha da  möhkəmləndirib. Azərbaycan Poçtunun inkişafı üçün ÜPİ-nin texniki dəstəyi ilə müxtəlif illərdə layihələr həyata keçirilib.
 
 
Cari ildə Azərbaycan, ÜPİ-nin Poçt Əməliyyatları Şurasına Poçt-maliyyə Xidmətləri adlı 4 nömrəli komissiyaya həmsədr vəzifəsinə seçilib.















02/12/16    Çap et