Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları peşə bayramı günü münasibətilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə qeyd edilən Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramı günü münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
 
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
 
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində peşə bayramı münasibəti ilə veteran rabitəçilərlə görüş keçirilib.
 
Çoxminli rabitəçiləri peşə bayramı münasibətilə təbrik edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ötən 135 il ərzində Azərbaycan rabitəsi böyük tarixi yol keçib. Nazir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində sahə üzrə bir sıra nailiyyətlərin əldə olunduğunu və bu uğurların qazanılmasında veteran rabitəçilərin əməyini qeyd edib.
 
Nazir həyata keçirilən işlərdə təcrübəli veteranların dəyərli tövsiyələrini eşitməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb və onlara möhkəm cansağlığı arzulayıb.  
 
Rabitəçi-veteranlar isə onlara göstərilən qayğıya görə təşəkkür edib, nazirliyin sahənin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən məmnunluqlarını ifadə ediblər. Onlar, rəqəmli televiziya yayımına keçidin təmin olunması, regional Data Mərkəzin istifadəyə verilməsi münasibəti ilə naziri təbrik ediblər. 

Sonda xatirə fotosu çəkdirilib. 





















05/12/16    Çap et