Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib


Artıq 4 ildən çoxdur ki, Azərbaycanda sənəd mübadiləsində tətbiq olunan elektron imza vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.
 
Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik, məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə də elektron imzadan istifadə göstəricisi artmaqdadır.
 
Belə ki, 2016-cı ildə  dövlət qurumlarına 18470, fiziki şəxslərə 1400, hüquqi şəxslərə isə 3170 olmaqla, ümumilikdə 23040 elektron imza sertifikatı istifadəyə verilib. Bu da 2015-ci il ilə müqayisədə 6254 sertifikat sayı çoxdur və indiyə qədər verilmiş elektron imza sertifikatları sayının 23%-ni təşkil edir.
 
Məlumat üçün qeyd edək  ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2017-ci il tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 65982, fiziki şəxslər üzrə 17210, hüquqi şəxslər üzrə isə 17024 olmaqla, ümumilikdə 100216 elektron imza sertifikatı istifadəyə verilib.
 
2016-cı il ərzində dövlət qurumları tərəfindən 7 460 300, habelə hüquqi və fiziki şəxslər tərəfindən 1 339 822 olmaqla, ümumilikdə 8 800 122 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 17 852 793 autentifikasiya və elektron imza əməliyyatlarının 49%-i deməkdir.
 
Elektron imza, həmçinin "Elektron hökumət" portalının autentifikasiya vasitələrindəndir. 2016-cı il ərzində elektron imza kartları vasitəsi ilə portalda ümumilikdə 4 527 251 autentifikasiya qeydə alınıb.
 
Xatırladaq ki, ötən il Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü - USB tokenlər də istifadəçilərin ixtiyarına verilib. İstifadəsi və daşınması daha rahat olan bu daşıyıcılar vasitəsi ilə elektron imza açarlarının təhlükəsiz saxlanılması ilə yanaşı, əhalinin büdcəsinə qənaət edilir. Belə ki, bu tokenlərdən istifadə üçün kart oxuyucu almağa ehtiyac qalmır.
 
Qeyd edək ki, USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq və ya elektron imza saytına (www.e-imza.az) müraciət etməklə, yaxud da "Elektron hökumət" portalı vasitəsi ilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür.
 
Xatırladaq ki, "Elektron imza" kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.





09/01/17    Çap et