Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” əsa istifadəçinin fiziki vəziyyətini izləyəcək


“CES 2017” istehlak elektronikası sərgisində ənənəvi olaraq istifadəçilərin həyatını daha da sadələşdirmək və yaxşılaşdırmaq məqsədilə çoxsaylı “ağıllı” qurğular təqdim edilir. Belə qurğulardan biri Fransanın “Nov'in” şirkətinin nümayiş etdirdiyi “ağıllı” “Dring Smartcane” əlağacıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, xarici görünüşünə görə adi əsanı xatırladan qurğuda istifadəçinin hərəkətlərini izləmək üçün akselerometr və giroskop quraşdırılıb. Bütün toplanan məlumatlar istifadəçinin vərdişlərini və aşağı aktivliyini, yorğunluğunu və insan həyatı tərzində sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar ola bilən digər dəyişiklikləri müəyyənləşdirmək üçün xüsusi alqoritmlər tərəfindən emal edilən mühafizəli serverə göndərilir.

Məlumata görə, fiziki aktivliyi izləməklə yanaşı, “ağıllı” əsa istifadəçiyə “GSM” şəbəkəsi vasitəsilə mümkün bədbəxt hadisənin baş verməsini bildirən siqnalı göndərməyə imkan verən həyəcan düyməsi ilə təchiz edilib. Bundan başqa, yaxın insanlar və qohumlar insanın əlağacından yıxılması zamanı bildiriş alacaqlar. Həmçinin istifadəçiyə səs siqnalı şəklində yardımın gəlməsini bildirən xəbərdarlıq gələcək.

“Dring Smartcane” qurğusunun ilk növbədə əsa olmasına görə “Nov'in” kömək üçün əlağacı istehsalı sahəsində yüzillik təcrübəyə malik “Maison Fayet” şirkətinə müraciət edib. Nəticədə şirkət tərəfindən daxilində müasir texnologiyaların gizləndiyi maksimum sadə və erqonomik dizayna malik qurğu hazırlanıb.

Nizam Nuriyev 





10/01/17    Çap et