Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi


Doğum tarixi:1956-cı il, 4 avqust

Doğum yeri:ABŞ, Nyu-York, Lonq-Ayland

Təhsil: Priston Universiteti, Harvard Biznes Məktəbi

Siyasi mənsubiyyəti: Respublikaçı

Vəzifəsi: “Hewlett Packard”-ın prezidenti və baş icraçı direktoru

Meq Uitmen 1956-cı ilin 4 avqustunda Nyu-Yorkun Lonq-Ayland hissəsində anadan olub. O, həkim olmaq arzusunda idi, buna görə də riyaziyyatı və təbiət elmlərini mükəmməl öyrənməyə çalışırdı.

Təsadüfən bir dəfə bir jurnalın reklam satışından qazanc əldə etdi və bununla da iqtisadiyyatı öyrənməyə başladı. Bu da onun gələcək uğurlu karyera yolunu müəyyən etdi.

O, iqtisadiyyat ixtisas istiqaməti üzrə bakalavr təhsilini Prinston Universitetində, magistratura üzrə isə Harvard Biznes Məktəbinin biznesin idarəedilməsi bölməsində almışdır. O, Stenford Universitetinin Tibb Mərkəzinin neyrocərrahı Qriffit Surovi İV ilə evlidir. İki oğlu var.

İş fəaliyyətinə 1979-cu ildə “Procter&Gamble” şirkətində brend meneceri kimi başlayıb, 1981-ci ildə “Bain&Company”-nin San-Fransiskoda yerləşən ofisində məsləhətçi işləyib.

1989-cu ildə “The Walt Disney Company”-nin strateji planlaşdırma üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

İki il sonra “Stride Rite” şirkətində çalışıb, 1995-ci ildə isə “Florists Transworld Delivery” şirkətinin prezidenti və baş icraçı direktoru postunu tutub.

Meq Uitmen 1998-ci ildə “eBay”-ın prezidenti və baş icraçı direktoru olanda şirkətin işçi personalı 30 nəfər, gəliri 4 milyon dollar idi, 10 il sonra - 2008-ci ildə şirkətin 15000 işçisi vardı və illik 8 milyard gəlirə malik idi. Uitmen ilk olaraq şirkət üçün ağ-qara veb-səhifədən ibarət bir sayt yaradır.

Sayt birinci gün 8 saatdan sonra sıradan çıxır. Lakin o, uğur qazanacağına inanırdı. Buna görə də yeni komanda toplamağa qərar verir. 23 biznes kateqoriyasından (3500 alt kateqoriya) ibarət bir şirkət təşkil edir.

Sərf olunan əmək nəticəsiz qalmır. Bir neçə il müddətində Uitmenin biznes idarəçiliyində yüksək təcrübəsi sayəsində “eBay” dünyada nüfuzlu internet-hərraca çevrilir.

O, biznesdən əlavə, siyasi fəaliyyətlə də məşğul olur, lakin siyasətdə biznesdə olduğu kimi uğur qazanmayıb. 2009-cu ilin 10 fevralında Kaliforniya qubernatoru olmaq üçün seçkiyə qatılıb.

O, ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə (144 milyon dollar) sərf edən namizədlərdən hesab olunur. Lakin, buna baxmayaraq sonda Ceri Brauna uduzub.

Bu ilin əvvəlində “HP”-nin Direktorlar şurasının üzvü seçilib. Uitman 2011-ci ilin 22 sentyabrında Leo Apotekerin vəzifəsindən kənarlaşdırılması ilə “HP”-nin rəhbərliyinə gətirilib. Onun bu nəhəng kompaniyanın rəhbəri olmasına qarşı münasibət heç də birmənalı deyil.

Bəzi tənqidçilərin fikrinə görə, xanım Uitmenin korporativ sektor üçün hazırlama sənayesində lazımi qədər təcrübəsi yoxdur və “HP” şirkətinin biznesinin miqyasları “eBay” dövriyyələri ilə heç bir şəkildə müqayisə oluna bilməz. Bir çoxları isə bunun çox uğurlu seçim olduğunu bildirirlər.

Uitmen geniş şəkildə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. 2006-cı il dekabrın 21-də həyat yoldaşı ilə birlikdə 9,4 milyon dollar həcmində 300 000 “eBay” səhmlərini köçürməklə Xeyriyyə Fondu yaradıb.

Maliyyənin əsas hissəsini Ətraf Mühitin Qorunması Fonduna keçirirlər. Həmçinin, fərdi müraciətlər əsasında müxtəlif insanlara yardım göstərirlər.

Meq Uitmen 2000-ci ildən etibarən hər il məşhur “Business Week” jurnalının tərtib etdiyi “biznes idarəçisi 25 nüfuzlu qadın” siyahısında yer alır.




01/10/11    Çap et