Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislər öncədən virus quraşdırılmış smartfonları aşkar ediblər


“Android” mobil əməliyyat sistemi çoxlu viruslara malik mobil platforma reputasiyasına malikdir və bu göstərici üzrə “iOS” və “Windows” sistemlərini geridə qoyub. “Google” şirkəti zərərli proqram təminatına qarşı mübarizə aparsa da,  bu, heç də asan deyil. Ekspertlər proqram təminatını yalnız etibarlı mənbələrdən quraşdırmağı tövsiyə edirlər. Bəs viruslar mobil qurğulara öncədən quraşdırıldığı halda nə etməli? “Check Point” tədqiqat şirkəti belə smartfonları aşkar edib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, adətən istifadəçilər özləri zərərli proqram təminatının icrasını aktivləşdirirlər, amma bu dəfə mütəxəssislər virusların yayılması üzrə başqa yanaşma aşkar ediblər. Ekspertlər 38 müxtəlif “Android” sistemli qurğuda öncədən qurulmuş troyan proqramları aşkar ediblər. Sözügedən zərərli proqram təminatı smartfonlara tam giriş əldə edə və istifadəçiləri izləyə bilir. “Samsung”, “LG”, “Xiaomi”, “Asus”, “Nexus”, “Oppo” və “Lenovo” şirkətlərinin modelləri təhlükə zonasındadır, həm də adı çəkilən şirkətlərin qurğularına troyan proqram təminatı öncədən quraşdırılıb.

Hakerlər şifrləri və ödəniş məlumatlarını ələ keçirə, smartfonlara istənilən proqramları quraşdıra bilərdilər. Cihazlara öncədən qurulmuş zərərverici proqram təminatı aparatın olduğu yeri məsafədən izləməyə, kameranı aktivləşdirməyə, pullu nömrələrə SMS göndərməyə imkan verir.

Ekspertlərin məlumatına görə, viruslar son paylanma mərhələsində smartfonlara yüklənir. Kiçik mağazalardan smartfon alan və ya internet üzərindən qurğular seçən istifadəçilər daha çox risk etmiş olurlar.

Emil Hüseynov





15/03/17    Çap et