Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”


Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyevdir.

 - Rasim müəllim, qloballaşan dünyada informasiya cəmiyyətinin qurulması əsas meyar kimi önə çəkilir. Ölkəmizdə bu yeni ictimai formasiyanın qurulması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Azərbaycanda informasiya cəmiyyətinin qurulması sürətlə davam edir. Bu istiqamətdə görülən işlər, əldə edilən nailiyyətlər təqdirəlayiqdir. Beynəlxalq səviyyədə bu sahə ilə məşğul olan qurumların rəyləri, hesabatları da bunu təsdiqləyir. Bir neçə il bundan öncə bu sahədə qazanılan nailiyyətlər başlanğıc səviyyədə olsa da, hazırda ölkənin digər sosial-iqtisadi sahələrindəki inkişaf tempini üstələyir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən İKT sektorunun prioritet sahə elan edilməsindən sonra bu sahənin inkişafının yeni mərhələsi başlanıb. İKT sektorunun sürətli inkişafı Azərbaycanda informasiya cəmiyyətinin qurulmasına, ölkəmizin qloballaşan dünyanın lider dövlətləri ilə eyni səviyyədə dayanmasına şərait yaradıb. İnformasiya cəmiyyətinin formalaşması istiqamətləri genişdir və İKT-nin hərtərəfli tətbiqi onu deməyə əsas verir ki, ölkəmizdə bu cəmiyyətin texnoloji özülü yüksək səviyyədə formalaşır. Bu da onun üzərində qurulan internet infrastrukturunun inkişafına, Azərbaycanın bütün bölgələrinin keyfiyyətli internetlə təmin olunmasına imkan verir. İnternetə çıxış imkanları keyfiyyətli olduğu halda informasiya bolluğu yaranır və insanların informasiya tələbatlarının, azadlıqlarının ödənilməsi, dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün elektron xidmətlər göstərməsinin təmin edilməsinə şərait yaranır. Digər tərəfdən, ölkəmizdə stasionar telefon şəbəkəsinin inkişafı, cəmiyyətin, demək olar ki, hər bir zümrəsinin mobil rabitə ilə əhatə olunması da informasiya cəmiyyəti quruculuğuna xidmət edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda informasiya cəmiyyəti sürətlə formalaşır, ölkəmizin bu sahə üzrə beynəlxalq reytinqi dinamik şəkildə artmaqdadır. Əminliklə demək olar ki, Azərbaycan yaxın gələcəkdə İKT sahəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaq.

- Dünyada rəqəmsal fərqliliyin aradan qaldırılması üçün çağırışlar edilir. Bu çağırışlara cavab olaraq ölkəmizdə həmin istiqamətdə hansı tədbirlər həyata keçirilir?

- Praktiki cəhətdən rəqəmsal fərqlərin aradan qaldırılması heç zaman mümkün deyil, çünki fasiləsiz olaraq elm inkişaf edir, yeni texnologiyalar yaranır. Ona görə də dünyanın inkişaf etmiş ölkələrində də belə fərqlər vardır və olacaqdır. Digər tərəfdən, rəqəmsal fərqlərin yaranması insanların intellektual səviyyəsindən, maddi imkanlarından asılıdır. Bu göstəricilər də heç vaxt bütün insanlarda eyni səviyyədə ola bilməz. Sadəcə, cəmiyyətin ayrı-ayrı təbəqələri, dövlətlər arasında bu fərqləri mümkün qədər azaltmaqdan, rəqəmsal uçurumun yaranmasına yol verməməkdən söhbət gedə bilər. Ölkəmizdə də rəqəmsal fərqlərin azaldılması üçün zəruri tədbirlər həyata keçirilir – keyfiyyətli teleradio yayımı, əhalinin stasionar və mobil telefondan istifadə, internetə çıxış imkanları təmin olunub. Hökumətin birbaşa dəstəyi və bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi düzgün siyasətin nəticəsi olaraq paytaxtla regionlar arasında rəqəmsal fərqlər aradan qaldırılır. Yəni bu gün “Elektron Azərbaycan” Dövlət Proqramının uğurla həyata keçirilməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

- Ölkəmizdə informasiya cəmiyyətinə keçid proqramlarından biri də vətəndaşların biometrik pasportlarla təmin olunmasını nəzərdə tutur. Biometrik pasportlar hansı problemləri aradan qaldıracaq?

- İnformasiya cəmiyyətinin yaratdığı imkanlardan biri də ondan ibarətdir ki, artıq insanlara mənsub fərdi məlumatların tərkib hissəsi olan biometrik məlumatlar da şəxsiyyəti təsdiq edən sənədlərdə istifadə olunur. Son zamanlar qloballaşma şəraitində, internet mühitində müxtəlif cinayətkarlıq halları artmaqdadır. İnternet, mobil rabitə üzərindən həyata keçirilən kibercinayətlər bir çox hallarda qlobal xarakter daşıyır. Ona görə də kibercinayətkarlıqla effektli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir.
2001-ci ildə Nyu-Yorkda baş verən məlum terror hadisəsindən sonra BMT tərəfindən qərara alındı ki, bütün dünyada insanların şəxsiyyətinin ənənəvi üsullarla tanınması effektli deyil, çünki ənənəvi sənədləri saxtalaşdırmaq, surətini çıxarmaq, montaj etmək mümkündür, ona görə də yeni şəxsiyyət vəsiqələrində insanların biometrik məlumatları da əks etdirilsin. Biometrik məlumatlar dedikdə, insana aid olan bir sıra əlamətləri - barmaq izi, gözün torlu və qüzehli qişaları, sifətin, əlin şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və digər fərdi xüsusiyyətləri əks etdirən məlumatlar nəzərdə tutulur.
Azərbaycan da BMT-nin bu təşəbbüsünə qoşulub. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da 2007-ci ildə bu prosesə başlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin istehsalı və tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Sərəncama əsasən, ölkə vətəndaşlarının biometrik eyniləşdirmə sisteminə uyğun yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunmaları nəzərdə tutulub. Bu prosesin ayrı-ayrı komponentləri ilə bağlı müəyyən proqram qəbul edilib, aidiyyəti orqanlar, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutu qarşısında bir çox məsələlər qoyulub. Bu istiqamətdə işlər davam etdirilir. Yaxın vaxtlarda Azərbaycan vətəndaşlarına elektron şəxsiyyət vəsiqələri veriləcək.
Bu məsələnin reallaşdırılması ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayacaq. Azərbaycan vətəndaşlarının və ölkəmizə gələn əcnəbilərin sərhəd-keçid məntəqələrində identifikasiyası daha etibarlı və çevik şəkildə reallaşdırılacaq, pasportların mühafizə səviyyəsi yüksələcək, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə üsulları təkmilləşəcək, dövlətin, cəmiyyətin və vətəndaşların təhlükəsizliyi daha etibarlı şəkildə qorunacaq.

- Kibercinayətkarlıqdan söz düşmüşkən, bu cür əməllərlə mübarizəni necə dəyərləndirirsiniz?

- Kibercinayətkarlıq çox aktual məsələdir. Adından göründüyü kimi, “kibercinayətkarlıq”- virtual məkanda baş verən, yəni hər hansı ölkə ilə bağlı olmayan cinayətkarlıqdır. Ayrı-ayrı ölkələrdə kibercinayətkarlığa qarşı mübarizə tədbirləri ilə əlaqədar müxtəlif qanunlar qəbul edilib. Lakin təcrübə, reallıqlar göstərir ki, qanunların qəbul edilməsi ilə hələ bir çox məsələlər həll edilmir. Məlum olduğu kimi, internet, virtual aləm nəzarətsizdir, hüdudsuzdur. İnternetə çıxışın məhdudlaşdırılması, fərdi məlumatların əldə edilməsinə qadağa qoyulması, ayrı-ayrı yazışmalara müdaxilə edilməsi, insan haqlarının məhdudlaşdırılması problemlər yaradır. Burada iki yanaşma var. Bir tərəfdən, internetin azad, nəzarətsiz olması, digər tərəfdən isə, bu məkan üzərindən cinayət xarakterli hadisələrin baş verməsi. Bunlar bir-birinə zidd olan məsələlərdir. Artıq dünya yeni bir reallıq qarşısında qalıb - kibercinayətkarlıqla mübarizə təkcə ölkə qanunları ilə aparıla bilməz.
Kibercinayətkarlıq bütün bəşəriyyətin problemi olduğu üçün bu istiqamətdə qlobal miqyasda mübarizə aparmaq lazımdır. Bu günlərdə “böyük səkkizlik” ölkələrinin bununla bağlı toplantı keçirmələri də qeyd olunan zərurətdən irəli gəlir. Artıq internet texnoloji kommunikasiya vasitəsi olmaqla iqtisadi, siyasi, sosial, mədəni və digər sferalara da daxil olub.
Azərbaycan da qlobal məkanın bir hissəsi kimi beynəlxalq miqyasda həyata keçirilən kibercinayətkarlıqla mübarizə prosesinə qoşulub.

- Milli peykimizin yerətrafı orbitə çıxarılması istiqamətində ardıcıl işlər görülür. Bu, Azərbaycana nə vəd edir?

- İlk öncə qeyd edim ki, bu, qürurverici bir məsələdir. Hər bir azərbaycanlı istər ki, müstəqil Azərbaycanın yerətrafı orbitdə öz peyki olsun. 20 illik müstəqillik tarixi, torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkənin milli peykinin olması çox böyük hadisədir. Bu, ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezideni cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir. Neftdən əldə edilən gəlirlərin insan kapitalına çevrilməsi ideyasının müəllifi ölan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İKT-nin inkişafı istiqamətində qəbul etdiyi qərarlar bu gün bəhrəsini verməkdədir.
Azərbaycanın yerətrafı orbitdə süni peykinin olmasının təhlükəsizlik məsələləri baxımından üstünlükləri də var. Belə ki, müstəqil dövlətin müstəqil informasiya siyasəti olmalıdır. Doğrudur, indiyə qədər Azərbaycan icarə əsasında digər ölkələrə məxsus olan süni peyklərdən istifadə edib. Amma bu cür istifadə ölkənin informasiya təhlükəsizliyi baxımından heç də risksiz deyil. Çünki kritik məqamlarda bunun ölkə üçün çox böyük təhlükələri yarana bilər. 1990-cı il hadisələri buna bir nümunədir. Həmin vaxtlarda Azərbaycan televiziyasının fəaliyyətinin dayandırılması bütün respublika vətəndaşlarının informasiya blokadasında saxlanması ilə nəticələnmişdi.
Yerüstü informasiya mənbələri ilə yanaşı, süni peykdən istifadə etmək çox yüksək nəticələrin əldə olunmasına şərait yaradır. Məlumdur ki, bir təbii fəlakət baş verdikdə bütün infrastruktur sahələri kimi, informasiya texnologiyalarını təmin edən sistem də sıradan çıxır. Bu yaxınlarda Yaponiyada baş verən dəhşətli zəlzələ buna nümunədir. Ölkədə böyük təbii fəlakət baş versə də, informasiya-kommunikasiya infrastrukturunda ciddi problemlər yaranmadı. Çünki ölkənin elektron dövlət sistemi süni peyk üzərində qurulub. Bu, hər cür təbii fəlakətlərə, xaricdən müdaxilələrə qarşı davamlı olan çox mükəmməl bir sistemdir.
Süni peykimizin imkanlarından ölkəmizin ən ucqar yaşayış məntəqələrində də yüksək səviyyədə istifadə etmək mümkün olacaq. O cümlədən, blokada şəraitində olan Naxçıvanın virtual məkana maneəsiz çıxışı etibarlı şəkildə təmin ediləcək. Sevindirici haldır ki, milli peykimiz Azərbaycan üzərində olmaqla çox böyük bir regionu əhatə edəcək. Bu, ölkəmizin regionda mövqeyinin daha da möhkəmləndirilməsi, nüfuzunun daha da artmasına gətirib çıxaracaq. Süni peykimizin xidmətlərindən digər dövlətlərin istifadə etməsinə imkan yaranacaq. Deməli, Azərbaycan süni peyk vasitəsi ilə öz zəruri ehtiyaclarını ödəməklə yanaşı, həm də gəlir əldə edə biləcək.

- Son olaraq, yenicə fəaliyyətə başlamış “Ictnews” elektron xəbər xidmətinin oxucularına nə demək istərdiniz?

- “Ictnews”un fəaliyyətə başlaması çox önəmli bir hadisədir. Sizləri və oxucularınızı təbrik edirəm. Bu elektron xəbər xidmətinin qısa zaman ərzində özünü tanıtması, dəqiq, operativ, zəngin informasiya ilə böyük oxucu kütləsini özünə cəlb edə bilməsi böyük müvəffəqiyyətdir. Bütün bunlar səriştəli, bacarıqlı rəhbərliyin ümumi koordinasiyası ilə yaradıcı kollektivin gərgin əməyi sayəsində əldə edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin orqanı olan və əsasən, informasiya texnologiyaları sahəsi üzrə yeniliklərin yer aldığı “Ictnews” nəinki hər bir kəsin, o cümlədən elm adamlarının da tez-tez baş çəkdiyi bir portaldır. İnanıram ki, portalın uğurlu gələcəyi olacaq. “Ictnews”un yaradıcı kollektivinə bir daha uğurlar arzu edirəm.






14/06/11    Çap et