Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” əməliyyat sisteminin bazar payında azalma qeydə alınıb


Dünyada 40 mindən çox veb sayta daxil olan 160 milyon unikal istifadəçinin məlumatları əsasında statistika tərtib edən “NetMarketShare” xidmətinin məlumatına görə, qlobal əməliyyat sistemləri bazarında fərdi kompüterlər üçün “Windows 10” platformasının bazar payının həcmində artım dayanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, “Windows 10” sistemi ötən aydakı 25.3%-lə müqayisədə 25,19% masaüstü və noutbukda quraşdırılıb. “Windows 7” hələ də fərdi kompüterlər üçün ən populyar proqram platforması olaraq qalır, bu sistemin bazar payı bir ayda 47,2-dən 48,41%-dək artıb. 8,45% göstəriciyə malik “Windows XP” ilk üçlükdə qərarlaşıb. Ötən ayla müqayisədə bu əməliyyat sisteminin bazar payı 0,72% azalıb. “Windows 8.1” platformasının bazar payı 6,87%-dək azalıb.

“Windows 7” və “8” platformaları ilə işləyən kompüter sahibləri üçün “Windows 10” sisteminin pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq yeni sistemin mövqeyi sürətlə möhkəmlənib. İndi “Home Edition” versiyasının qiyməti 119 dollar, “Pro” modifikasiyanın qiyməti isə 200 dollar təşkil edir.

Emil Hüseynov





17/03/17    Çap et