Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” smartfonlar bazarında liderliyini bərpa edib


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti dünya smartfonlar bazarında liderliyini bərpa edib. Bu barədə “Strategy Analytics” şirkətinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, cari ilin birinci rübündə şirkət 80,2 milyon smartfon istehsal edib ki, bu da 2016-cı ilin analoji dövründən 2 faiz çoxdur. Sonrakı pillədə qərarlaşan “Apple” şirkəti 50,8 milyon “iPhone” tədarük edib. Bu göstərici ötən ilin yanvar-martında 51,2 milyona bərabər olub.

Xatırladaq ki, 2016-cı ilin dördüncü rübündə “Apple” iri smartfon tədarükçüləri reytinqində birinci yeri tutub. Lakin “Samsung” istehsalçısı “Galaxy Note 7” modelinin uğursuzluğundan sonra tezliklə yenidən birinciliyə yüksəlməyə nail olub.

Çinin “Huawei” şirkəti cari ilin ilk rübünün yekunları üzrə siyahıda üçüncü yerini qoruyub. Sonrakı yerlərdə daha iki Çin istehsalçısı - “Oppo” və “Vivo” qərarlaşıb. “LG” şirkəti “ZTE” və “Xiaomi” istehsalçılarını qabaqlayaraq altıncı pillədəki mövqeyinə qayıdıb.

Analitiklərin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə qlobal smartfonlar bazarının həcmi 353,3 milyon ədəd təşkil edərək il ərzindən 6 faiz artıb. 2016-cı ilin ilk yarısında qurğuların satışında ilk dəfə 3 faiz azalma qeydə alınsa da, sonradan Çin və Braziliya kimi ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması sayəsində tələbat əvvəlki vəziyyətinə dönüb.

Nizam Nuriyev 





06/05/17    Çap et