Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Fujitsu” şirkəti biometrik autentifikasiya üçün “PalmSecure ID Login” sistemini təqdim edib


“Fujitsu” korporasiyası yeni biometrik autentifikasiya sistemini təqdim edib. Barmaq izi və gözün torlu qişasının skaneri ilə müqayisədə yeni innovativ metod fərdi məlumatları kibertəhdidlərdən daha yaxşı mühafizə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, “PalmSecure ID” adlı yeni sistem istifadəçini ovucdakı vena damarının şəklinə görə müəyyənləşdirir. Yeniliyin inteqrasiyası “Microsoft Active Directory” kataloqlar xidməti vasitəsilə həyata keçirilir və “Windows” əməliyyat sistemində əlçatandır. Kompüterdə sistemi işə salmaq və ya daxili sistemə baxış üçün autentifikasiyadan keçmək üçün “PalmSecure ID” istifadəçisi ovcunu kontaktsız skanerin üzərinə qoymalıdır. Məlum olub ki, artıq “Fujitsu” şirkətinin müasir planşet və noutbuk modelləri yeni biometrik autentifikasiya sistemi ilə təchiz edilib.

“Microsoft Active Directory” sayəsində istifadəçilər korporativ şəbəkəyə qoşulmuş istənilən qurğuda öz hesabına daxil ola bilərlər. Məhz “PalmSecure” xidməti bütün idarəetməni mərkəzləşdirir və fərdi məlumatları saxlayır. Yeni sistemin dövlət təşkilatları, tibb məntəqələri, banklar və aeroportlarda aktiv tətbiqi planlaşdırılıb. Texnologiya real vaxt rejimində işləmək, autentifikasiya zamanı insanın qanının hərəkətini yoxlamaq və saxtakarlığa qarşı mühafizəni təmin etmək bacarığına malikdir.

Emil Hüseynov





17/06/17    Çap et