Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Note 8” daha tez satışa çıxarılacaq


“Samsung Electronics” şirkəti “Galaxy Note 7” smartfonunu əvəz edəcək modelin buraxılışı ilə bağlı planları yenidən nəzərdən keçirib. “Samsung Galaxy Note 8” smartfonu əvvəllər gözlənildiyi kimi, sentyabrın sonunda yox, əvvəlində satışa çıxarılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, tələskənliyə səbəb kimi qabaqcıl “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının yaxşı satılması, həmçinin sentyabrda növbəti nəsil “iPhone” modelinin təqdimatı göstərilir.
 
Məlumata görə, “Samsung Galaxy Note 8” əvvəlki modellə müqayisədə daha böyük ekranla (6,3 düym diaqonallı), eləcə də tərəflərinin nisbəti 18.5:9 ölçülü “Quad HD+” (2960 x 1440 piksel) təsvir ölçüsünə malik “Infinity Display” ekranla təchiz ediləcək. Qurğunun əsasını “Qualcomm Snapdragon 835” (və ya Snapdragon 836) yaxud “Exynos 8895” prosessorları, 6 giqabaytlıq operativ və 256 giqabaytadək quraşdırılmış yaddaş təşkil edəcək.
 
Bildirilir ki, “Galaxy Note 8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu ola bilər. Qurğunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Qeyd edək ki, “iPhone 7 Plus” modeli də analoji konstruksiyaya malikdir. Bundan əlavə, akkumulyator tutumu 3300 milliamper/saata bərabər olacaq smartfonun “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
 
“Samsung Galaxy Note 8” smartfonunun təqdimatı avqustun 26-da Nyu-Yorkda keçiriləcək tədbirdə planlaşdırılır. Məlumata görə, “Galaxy Note 8” modeli “Samsung” şirkətinin ən bahalı smartfonu olacaq. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.
 
Nizam Nuriyev 





12/07/17    Çap et