Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Perlan” planeri yeni yüksəklik rekorduna imza atıb


“Airbus” aerokosmik konserninin maliyyələşdirdiyi “Perlan” şirkəti kosmos hüdudlarına uçuşlar üçün nəzərdə tutulan planerlərin hazırlanması ilə məşğuldur. Bu yaxınlarda mütəxəssislər planerin yeni uğurlu sınaqlarının keçirilməsi və uçan aparatın qazandığı yeni rekord barədə açıqlama veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ilk versiyası 2006-cı ildə havaya qalxan “Perlan” planeri 15 kilometr yüksəkliyə qalxa bilib. Bundan sonra şirkət təsisçisinin ölümü ilə bağlı problemlər yaranıb. Lakin mövcud mütəxəssislər qrupu bir müddət texnologiyaların hazırlanmasını bərpa edib və səhmdarların axtarışına başlayıb. 2014-cü ildə “Airbus” layihənin əsas sponsoru kimi çıxış etməyə razılıq verərək planerin maliyyələşdirilməsinə başlayıb.

Məlumata görə, texnologiyaların hazırlanmasından və testlərin keçirilməsindən bir neçə il sonra “Perlan 2” havaya qalxaraq əvvəlki versiyadan 1 km yüksəkliyə uçub. Planerə qalxan hava axınlarının uçmaqda kömək etməsi səbəbindən mühərriksiz uçan aparat belə yüksəkliyə çətinliklə qalxa bilib.

Bildirilir ki, yaxın vaxtlarda “Perlan 2” bir sıra sınaqlardan keçirildikdən sonra testlərin davam etdirilməsi üçün ABŞ-ın Nevada ştatına göndəriləcək. Burada şirkət mühəndisləri sınaq zamanı əldə edilən məlumatlar əsasında planer konstruksiyası üzərində işi davam etdirəcəklər.   

Mütəxəssislərin qarşısında duran növbəti vəzifə daha çətin olacaq - gələcəkdə onlar planeri 27 km yüksəkliyə qaldırmaq üçün onu təkmilləşdirməyi planlaşdırırlar. Növbəti uçuşun tarixi barədə məlumat verilmir.

Nizam Nuriyev 





07/09/17    Çap et