Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ASUS ZenPad 10” planşeti təqdim edilib


“ASUS” şirkəti “ASUS ZenPad 10” (Z301M) planşet kompüterini təqdim edib. Nəfis dizayn və qabaqcıl xüsusiyyətlər qurğunun biznes seqmentdə tətbiqinə kömək edə bilər.

Metal korpusa malik yeni planşet 1280x800 piksel təsvir ölçülü 10,1 düymlük ekran və təsvirin keyfiyyətini yüksəltməyə imkan verən bir sıra texnologiyalarla təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, planşet 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT8163B” prosessoru ilə təchiz edilib. Çipə “Mali T720 MP2” qrafik bloku inteqrasiya edilib.

Əməli yaddaşın tutumu 2 QB təşkil edir, daxili fləş daşıyıcının tutumu versiyadan asılı olaraq 16, 32 və ya 64 QB ola bilər. Bundan başqa, məzmunu tutumu 128 QB-dək olan “microSD” yaddaş kartlarında saxlamaq olar.

Planşet, həmçinin “Wi-Fi 802.11a/b/g/n” və “Bluetooth 4.2” simsiz kommunikasiya vasitələri, iki kamera (5 və 2 meqapiksellik), “USB Type-C” konnektoru, “GPS” modulu və ön stereodinamiklərə malik qabaqcıl “Sonic Master” audiosistemi ilə təchiz edilib.

Qurğunun ölçüləri 251,8x172,2x8,95 mm, çəkisi isə 470 qr-dır. Planşet 10 saat müddətində avtonom işləyir və “Android 7.0” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“ASUS ZenPad 10” (Z301M) planşetinin qiyməti 170 avro təşkil edir.

Emil Hüseynov





21/09/17    Çap et