Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bank kartı ölçüsündə smartfon təqdim olunub


“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetrə bərabər smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, model 128х64 piksel təsvir ölçülü kiçik monoxrom ekranla təchiz edilib. Qurğu zəng etmək, məlumatlar göndərmək, musiqi dinləmək və telefonun digər əsas funksiyalarını yerinə yetirmək imkanlarına malikdir. Kompakt ölçülərə görə şirkət hər şeyə qənaət etməli olub. Bu səbəbdən qurğuya yalnız simsiz qulaqcıqlar qoşmaq mümkündür, enerjinin doldurulması isə xüsusi dok-stansiya (birləşdirici qurğu) vasitəsilə həyata keçirilir.

Məlumata görə, “NichePhone-S” smartfonunda “MediaTek MT6572A” prosessoru və 550 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, qurğu danışıq rejimində 3 saat, gözləmə rejimində isə 72 saat işləyir. Bundan başqa, “Android 4.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon “Bluetooth”, “3G” və “4G LTE” şəbəkələrini dəstəkləyir.

Qiyməti 88 dollar təşkil edəcək “NichePhone-S” smartfonunun noyabrın 10-dan etibarən Yaponiyada satışa çıxarılması gözlənilir.  

Nizam Nuriyev






10/11/17    Çap et