Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yol patrul dronu konsepsiyası hazırlanıb


Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone” (“Yol patrul dorunu”) adlanan aparatın əsas vəzifəsi şosedə təhlükəsizliyin təminindən ibarət olacaq. 
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Highway patrol drone” yolda hadisələrə tez reaksiya verməyə və baş verən insident barədə operativ informasiya toplamağa imkan verən çoxlu funksiya və imkanlara malikdir. Bundan əlavə, dron köməkçi (məsələn, yanğını söndürmək və ya trafiki yönəltmək) kimi çıxış edir.
 
Məlumata görə, yol patrul dronu qeyri-aktiv rejimdə yol üzərində qurulan xüsusi nəzarət qülləsinə birləşdirilir. Bu rejimdə pilotsuz uçan aparat yolda vəziyyəti izləyir və problemli (məsələn, axtarışda olan və ya nasaz) avtomobilləri müəyyənləşdirir. Dronun görmə zonasında qəza baş verən zaman o, dərhal məlumatları yol hərəkəti idarəetmə mərkəzinə ötürməyə başlayır və qüllədən ayrılır. Qəza barədə informasiya hadisə yerinə müvafiq xidmətlər gələnədək durmadan ötürülür.
 
 
“Highway patrol drone” pilotsuz uçan aparatı güclü proyektorla təchiz edilib ki, bu da ona yola əlavə yol nişanını proyeksiya etməyə imkan verir. Bu, dron üçün yeni hadisələrin qarşısını almaq məqsədilə qəza yerinin yaxınlığında yol hərəkətini idarə etməyə şərait yaradır. Bundan başqa, patrul dronu suyun tozlandırılması mexanizmi və kiçik maye çəni ilə təchiz edilib. Qəza yerində yanğının baş verməsini görən aparat onu söndürməyə başlayacaq və ora yanğınsöndürənlərin gəlməsi üçün əlavə informasiya ötürəcək.
 
Beləliklə, konseptual pilotsuz uçan aparat yol-nəqliyyat hadisəsinin baş verdiyi ilk dəqiqələrdə zərərçəkənlərə yardım göstərə biləcək.

Nizam Nuriyev 





17/11/17    Çap et