Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Enerjini insan bədənindən toplayan “ağıllı” “PowerWatch” saatları hazırlanıb


"Matrix Industries" şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən "ağıllı" "PowerWatch" saatlarının tədarükünə başlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, insan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən "PowerWatch" saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla - rozetkadan (o cümlədən simsiz enerjidoldurma) enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" ("yatma") rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır.
 
Bildirilir ki, "PowerWatch" saatlarının mövcudluğu barədə ilk dəfə ötən il tərtibatçılar tərəfindən "IndieGoGo" saytında vəsait toplanışı üzrə kampaniya başlananda məlum olub. Kampaniya zamanı 1,6 milyon dollar toplanıb ki, bu da istehsala başlamağa imkan verib. Noyabrda saatların kampaniyanı maliyyələşdirənlərə göndərilməsi, satışlara isə dekabrda başlamaq nəzərdə tutulur. Qurğunun qiyməti versiyadan asılı olaraq 169-249 dollar təşkil edəcək.  
 
Məlumata görə, 46 millimetr diametrə malik baza versiyası suyun 50 metr dərinliyində işləyə bilir. Nisbətən bahalı variant daha böyükdür (50 mm) və daha yaxşı mühafizə olunur: saat suyun 200 metrliyində işləyir. Bundan başqa, ikinci "PowerWatch" versiyası smartfondan gələn bildirişləri göstərə bilir.   
 
Hər iki modifikasiya kalorinin miqdarını və addımları hesablayır, eləcə də yuxunun keyfiyyətini qiymətləndirir.

Nizam Nuriyev 





20/11/17    Çap et