Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyevin “Bakutel–2017” XXIII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına məktubu


Hörmətli iştirakçılar!
 
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIII Beynəlxalq "BakuTel–2017" informasiya və kommunikasiya texnologiyaları sərgisi və konfransının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
 
Mütəmadi təşkil edilən sərginiz Azərbaycanla yanaşı, bir çox dünya ölkələri və eləcə də şirkətlər üçün yüksək texnologiyalar sahəsində son nailiyyətlərin təqdim olunduğu beynəlxalq platforma rolunu oynayır.
 
İnformasiya-kommunikasiya texnologiyaları indiki mərhələdə dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsi və biznesin irəliləməsinin əlverişli vasitəsi olmuş, cəmiyyətdə şəffaflığın artırılmasının vacib amilinə çevrilmişdir. Bu sahənin prioritet elan edildiyi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin maksimum istifadəsinin vüsət aldığı ölkəmizdə mövcud İKT infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər sistemli şəkildə ardıcıl aparılmaqdadır.
 
Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaratmışdır. Hazırda respublikamızda "elektron hökumət"in formalaşdırılmasına böyük diqqət yetirilir, "elektron hökumət" portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.
 
2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq.
 
Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artmış, bütövlükdə infrastruktur müasirləşdirilmişdir.
 
Ənənəvi "Bakutel" sərgisi İKT sahəsində uğurların nümayişi və qabaqcıl texnoloji yeniliklərin təqdimatı olduğu kimi, həmçinin biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi, eyni zamanda, ölkəmizlə yaxından tanışlıq imkanı deməkdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində keçiriləcək səmərəli görüşlər, dinləniləcək məruzə və çıxışlar yeni təşəbbüslərin müvəffəqiyyətlə gerçəkləşməsinə və qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
 
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 4 dekabr 2017-ci il.





05/12/17    Çap et