Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Samsung” smartfonları rəsmən təqdim olunub


Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A” smartfonlarının istehsal xəttini yeniləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2018-ci il nümunəli “Samsung Galaxy A8” və “A8+” smartfonları tərəflərinin nisbəti 18.5:9 təşkil edən çərçivəsiz “Super AMOLED Infinity” ekranı ilə təchiz edilib. “Samsung Galaxy A8” modeli təsvir ölçüsü “Full HD +” olmaqla 5,6 düym diaqonallı, “A8+” smartfonu isə 1080 × 2220 pikselli 6 düym diaqonallı displeyə malikdir. Smartfonlar 14 nanometrlik texnoloji proses üzrə hazırlanan səkkiznüvəli “Exynos 7885” prosessoru və “Mali-G71 GPU” qrafik sürətləndiricisi ilə təchiz olunub.

Məlumata görə, “A8” modeli 4 giqabaytlıq operativ və 32 və ya 64 giqabaytlıq quraşdırılmış yaddaşla buraxılacaq, “А8+” 6 giqabayt operativ yaddaş tutumlu versiyaya malik olacaq. Quraşdırılmış yaddaşı “microSD” yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmək mümkündür. Qurğuların tək əsas kamerası “f/1,7” aperturlu 16 meqapikselli təsvir ölçüsünə malikdir, qoşa ön kamera isə “f/1,9” aperturlu 16 və 8 meqapikselli sensorlardan ibarətdir.

Bildirilir ki, “USB Type-C” portu ilə təchiz edilən smartfonlar “Samsung Pay” ödəniş sisteminin işi üçün “LTE Cat.11”, “NFC” və “MST” funksiyalarını dəstəkləyir. “Galaxy A8” 3 min milliamper/saat tutumlu, “A8+” modeli isə 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Hər iki smartfonda “Android 7.1.1 Nougat” əməliyyat sistemi quraşdırılıb.  

Qara, boz, qızılı və göy rənglərdə təqdim ediləcək qurğuların 2018-ci ilin yanvarında satışa çıxarılacağı gözlənilir. Yeni smartfon modellərinin başlanğıc qiyməti 500 avro təşkil edəcək.

Nizam Nuriyev
 






19/12/17    Çap et