Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Wi-Fi WPA3” protokolu barədə ilkin məlumatlar dərc olunub


“Wi-Fi Alliance” konsorsiumu “WPA2” məlumat mühafizə protokolunu əvəzləyəcək “WPA3” haqqında ilkin informasiyanı dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “WPA3” autentifikasiya protokolunun ilk rəsmi layihəsinin 2018-ci il ərzində təqdim ediləcəyinə baxmayaraq “Wi-Fi Alliance” yeni təhlükəsizlik standartında yer alan dörd əsas funksiya barədə məlumatları açıqlayıb.

Birinci xüsusiyyət bir necə uğursuz avtorizə cəhdindən sonra autentifikasiya prosesinin bloklanması vasitəsilə “brute force” hücumlarından mühafizədir.

İkinci funksiya bir-birinə yaxın “Wi-Fi” qurğularından digər qurğular üçün konfiqurasiya paneli qismində istifadə imkanıdır. Məsələn, istifadəçi telefon və ya planşetdən “Wi-Fi WPA3” parametrlərini “ağıllı” lampa, “ağıllı” qapı qıfılı kimi ekranla təchiz edilməyən digər qurğuda quraşdırılması üçün istifadə edə biləcək.  
“Məlumatların fərdi şifrlənməsi” kimi təsvir edilən üçüncü funksiya hər qurğu və marşrutlayıcı və ya “Wi-Fi” nöqtəsi arasında bağlantıları şifrləməyə imkan verir.

Dördüncü xüsusiyyət dövlət və ya müdafiə müəssisələri, eləcə də sənaye istehsalı kimi daha yüksək təhlükəsizlik tələblərinə malik “Wi-Fi” şəbəkələri üçün nəzərdə tutulan təkmilləşdirilmiş kriptoqrafiya standartıdır. Protokol barədə ətraflı məlumatın bu ilin sonunda təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, 2017-ci ildə təhlükəsizlik tədqiqatçısı Meti Vanhov tərəfindən “WPA2” protokolunda hazırda mövcud olan bütün “Wi-Fi” şəbəkələrini təhlükə altına alan boşluq aşkar edilib. Boşluq vasitəsilə cinayətkar “Key Reinstallation Attack” (KRACK) hücumunu həyata keçirərək məxfi məlumatları ələ keçirə bilər. “WPA2” protokolunda səhvin olması təhlükəsizlik üzrə ekspertlərin böyük narahatlığına səbəb olub.

Qeyd edək ki, “Wi-Fi Alliance” konsorsiumu iri kompüter texnikası və simsiz “Wi-Fi” qurğuları istehsalçılarını birləşdirir.

Nizam Nuriyev





10/01/18    Çap et