Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekrana qurulmuş barmaq izləri skaneri ilə təchiz edilmiş smartfon nümayiş etdirilib


“Synaptics” şirkəti ötən ilin dekabrında barmaq izləri skanerinin smartfonun ekranına qurulması texnologiyası və ilk belə aparatın bazara  çıxarılması haqda bəyan etmişdi. Bir neçə gün sonra məlum olmuşdu ki, Çinin “Vivo” şirkəti “Synaptics” texnologiyasına malik ilk smartfonunu təqdim edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, Las-Veqasda keçirilən “CES” elektronika sərgisində “Vivo” şirkəti ekran səthinin alt hissəsinə qurulmuş barmaq izləri skaneri ilə təchiz edilmiş 6 düymlük çərçivəsiz smartfonunu nümayiş etdirib. Ancaq qeyd etmək lazımdır ki, söhbət prototipdən gedir: şirkət konkret modelin adını, hələ ki, açıqlamayıb.

Sözügedən texnologiyanı iş prosesində nümayiş etdirən icmal “The Verge” nəşrinin “YouTube” kanalında dərc edilib. Jurnalistin sözlərinə görə, “Vivo” qurğusuna qurulmuş skaner ən müasir smartfonlarda mövcud olan skanerlərlə müqayisədə bir qədər ləng işləyir, amma bu narahatlıq yaratmır. Həmçinin məlumata görə, “Synaptics” şirkətinin optik sensoru yalnız OLED ekranları dəstəkləyir, çünki LCD ekranlar sensorun işini bloklayan işıqlandırmadan istifadə edir.


Emil Hüseynov







11/01/18    Çap et