Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada superkompüterlərin yaradılmasına bir milyard avro investisiya qoyulacaq


Avropa İttifaqı superkompüterlərin yaradılmasına 1 milyard avro investisiya yatırmağı planlaşdırır. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, məlumata görə, Avropa Komissiyası Aİ-yə üzv dövlətlərlə birgə dünya standartlı Avropa superkompüterlərinin yaradılmasına investisiya qoyuluşu üzrə plan təqdim edib. “Onlar irihəcmli məlumatların emalı üçün lazımdır, eləcə də cəmiyyətə səhiyyədən və bərpa edilən enerji mənbələrindən tutmuş, kibertəhlükəsizliyədək bütün sahələrdə fayda verəcək”, - komissiyanın bəyanatında qeyd olunub.

Avropa Komissiyası layihəyə 486 min avro investisiya qoymaq niyyətindədir. Təxminən bir o qədər məbləğ Aİ-yə üzv ölkələr tərəfindən təqdim ediləcək. “2020-ci ilədək ümumilikdə təqribən 1 milyard avro dövlət maliyyələşdirilməsi investisiya ediləcək, eləcə də özəl qoyuluşlar olacaq”, - məlumatda bildirilir.

Komissiyanın planlarına görə, dünya standartlarına cavab verən yüksək məhsuldarlıqlı hesablamalar üzrə yeni hüquqi və maliyyə qurumu (EuroHPC) bütün Avropada fəaliyyət göstərəcək. Strukturun 2019-2026-cı illərdə fəaliyyətə başlayacağı gözlənilir.

“Biz 2020-ci ilədək “EuroHPC” layihəsi vasitəsilə Avropa tədqiqatçıları və şirkətlərinə süni intellekt kimi texnologiyaların, eləcə də səhiyyə, təhlükəsizlik və mühəndislik kimi sahələrdə gündəlik proqramların yaradılması üçün güclü superkompüterlər təqdim etmək niyyətindəyik”, - bəyanatda deyilir.  

Nizam Nuriyev 





12/01/18    Çap et