Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemi üçün ən güclü viruslardan biri aşkar edilib


"Kasperski Laboratoriyası" “Android” mobil əməliyyat sistemində “WhatsApp” messencerindən mesajları oğurlayan virus aşkar ediblər. Troyan simsiz şəbəkələrə qoşulur, məxfi fotoşəkillər çəkir, həmçinin SMS-ləri, kontaktları, parolları və kredit kartlarının nömrələrini oğurlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, söhbət nəhəng mobil operatorların saxta saytları vasitəsilə yayılan “Skygofree” virusundan  gedir. Həmin saxta saytlarda istifadəçilərə internet qoşulmanı sürətləndirən proqram quraşdırmaq təklif edilir.

"Kasperski Laboratoriyası" bu troyanı “Android” sistemi üçün ən güclü casus alətlərindən biri adlandırıb.
 Virus mobil qurğu üzərində nəzarəti, demək olar ki, tam ələ keçirir: qurğunun yerini izləyə, diktofonu qoşa, mobil rabitəyə, “Bluetooth” və “Wi-Fi” modullarına nəzarət edə, “Facebook Messenger”, “Skype”, “Viber” və “WhatsApp” kimi mobil proqramları idarə edə bilir. Zərərli proqram təminatı yazışmanı "oxumaq" və mesaj göndərmək qabiliyyətinə malikdir.

Ekspertlər hesab edirlər ki, sözügedən virus İtaliyada hazırlanıb.

Emil Hüseynov





17/01/18    Çap et