Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal Kibertəhlükəsizlik Mərkəzi yaradılıb


Cenevrədə kibertəhdidlərin qarşısını almağa, biznesmen və hakimiyyət nümayəndələrini müxtəlif təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq, eləcə də qabaqcıl təcrübə mübadiləsi üçün birləşdirməyə kömək edəcək yeni Qlobal Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin yaradılması Davos Dünya İqtisadi Forumu çərçivəsində elan edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, mərkəz Dünya İqtisadi Forumunun himayəsi altında avtonom beynəlxalq təşkilat kimi fəaliyyət göstərəcək. Təsisatın bu ilin martında fəaliyyətə başlayacağı planlaşdırılır. Mərkəzin əsas vəzifəsi hökumət və özəl şirkətlər arasında könüllülük əsasında informasiya mübadiləsi kanallarının formalaşdırılmasından ibarət olacaq.

Dünya İqtisadi Forumunun və Qlobal kibertəhlükəsizlik mərkəzinin direktoru Aloiz Zvinggi bildirib ki, yeni Qlobal Kibertəhlükəsizlik Mərkəzi dünya miqyasında kibernetik risklərin azaldılması üçün ilk platforma kimi yaradılıb.

Onun sözlərinə görə, tanınmış şəxslər üçün rabitə kanallarının ayrılması ilə yanaşı, mərkəz Dünya İqtisadi Forumunun kibertəhlükəsizliklə əlaqədar bir sıra digər təşəbbüslərini effektiv şəkildə birləşdirəcək.

"Biz hökumətlər, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. İlk növbədə biz diqqəti sahə üzrə aparıcı oyunçulara və "Böyük İyirmilik" ölkələrinə (G20) yönəldəcəyik", - o əlavə edib.

Artıq bir sıra məşhur şirkətlər və hüquq-mühafizə orqanları, o cümlədən Böyük Britaniyanın  telekommunikasiya nəhəngi "BT Group", "Qualcomm" mikroçiplər istehsalçısı, Rusiya "Sberbank"ı və İnterpol Qlobal Kibertəhlükəsizlik Mərkəzinə dəstək nümayiş etdirib.

"İnterpol Dünya İqtisadi Forumu nəzdində Qlobal Kibertəhlükəsizlik Mərkəzinin strateji tərəfdaşı rolunda çıxış edir. Bizim təşkilatlar ona görə unikaldır ki, qlobal iştirak sayəsində kibertəhdidlərlə əlaqədar bir-birinə məlumat verməklə cavab tədbirləri görmək imkanına malikik. Bizim tərəfdaşlıq belə qlobal təhdidlərin qarşısını alan effektiv təhlükəsizlik arxitekturasının qurulmasına xidmət etməklə bir-birindən asılı fəaliyyət göstərən əsas şəxsləri, o cümlədən polis və biznesi birləşdirir", - İnterpol təşkilatının baş katibi Yurgen Ştok bildirib.

Nizam Nuriyev 





26/01/18    Çap et