Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” paketinin yeni versiyası “Windows 10” sistemi ilə işləyəcək


"Microsoft" korporasiyasının "Office 2019" ofis əlavələr paketinin yenilənmiş versiyası "Windows 7" və "Windows 8.1" əməliyyat sistemləri tərəfindən dəstəklənməyərək yalnız "Windows 10" sistemli fərdi kompüterlərdə işləyəcək. Bu barədə ABŞ istehsalçısının bloqunda deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Office" paketinin yeni versiyasını quraşdırmaq istəyən istifadəçilərdən fərdi kompüterləri "Windows 10" əməliyyat sisteminədək yeniləmək tələb olunacaq. "Microsoft" korporasiyasının bu addımı korporativ müştəriləri "Office 365" "bulud" servisinə abunə olmağa stimullaşdırmaq istəyi ilə izah olunur.
 
Məlumata görə, "Office 2019" paketinin rəsmi təqdimatı 2018-ci ilin ikinci yarısına nəzərdə tutulur. Paketə "Word", "Excel", "PowerPoint" və "Outlook" əlavələri, eləcə də "Exchange", "SharePoint" və "Skype for Business" server versiyaları daxil olacaq.
 
Həmçinin qeyd olunur ki, 2020-ci ildə korporasiya "Windows 7" sisteminin və "Office 2010" paketinin genişləndirilmiş dəstəyini dayandırmağı planlaşdırır. "Office 2019" paketinə gəldikdə, ofis paketinin bu versiyası 5 il müddətinə əsas, daha sonra 2 illik genişləndirilmiş dəstəklə təmin olunacaq.
 
Xatırladaq ki, "Microsoft" fevralın 1-də ötən ilin dördüncü rübünün yekunları üzrə hesabat dərc edib. Korporasiyanın oktyabr-dekabrda mədaxili 28,9 milyard dollar təşkil edib. Bundan əlavə, maliyyə itkiləri 13,8 milyard dollarlıq ödənilməmiş birdəfəlik vergiyə görə 6,3 milyard dollara bərabər olub.
 
Nizam Nuriyev 





03/02/18    Çap et