Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” avadanlığı üçün prosessorlar təqdim olunub


Finlandiyanın "Nokia" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil şəbəkələrdə (5G) iş üçün nəzərdə tutulan "ReefShark" prosessorlarını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, yeni həllər radiosistemlərin, o cümlədən antena blokları tərkibində işləyən sistemlərin məhsuldarlığını xeyli artıracaq. Nəticədə "MIMO" antena bloklarının qabaritlərini iki dəfə azaltmaq mümkün olacaq. Bundan başqa, "ReefShark" prosessorları radiosistemlərin enerji sərfiyyatını 64 faiz azaltmağa imkan verəcək.

Məlumata görə, hesablayıcı sistemlər üçün prosessorlar "Nokia AirScale" kommersiya modullarına qoşulan ayrıca bloklar şəklində tədarük edilir. Proqram təminatının yenilənməsi vasitəsilə "AirScale" modullarını "5G" şəbəkəsinin işləməsinin tam dəstəklənməsi üçün modernləşdirmək olar. Bununla yanaşı, "ReefShark" qoşulma blokları hər modulun buraxılış qabiliyyətini 3 dəfə - hazırkı 28 Qbit/saniyədən 84 Qbit/saniyəyədək yüksəldəcək.

Həmçinin bildirilir ki, prosessorlar operator şəbəkələrinin ölçülərini, qiymətini və enerji sərfiyyatını azaltmağa və "5G" texnologiyasının hesablayıcı maşınlar və radio resurslarına yüksək tələblərini ödəməyə imkan verəcək.

"ReefShark" prosessorlarının bu ilin üçüncü rübündə satışa çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri "Əşyalar interneti" texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə "5G" şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək "5G" insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri "ağıllı" idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin "5G" standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Nizam Nuriyev 





15/02/18    Çap et