Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maye-kristal ekranlı “iPhone” bu il ən çox satılan “Apple” smartfonu olacaq


Maye-kristal ekranla təchiz edilən “iPhone” 2018-ci ildə ən çox satılan “Apple” smartfonu olacaq. Bu barədə “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun yeni hesabatında deyilir. Onun proqnozlarına görə, şirkət ikinci və üçüncü maliyyə rübləri ərzində 100 milyon model satacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, analitikin fikrincə, qeyd olunan dövrdə smartfonun satışları ümumi satış həcminin 50 faizini təşkil edəcək. Qeyd edək ki, bir rüb ərzində bütün “iPhone” modellərinin satış həcmi adətən 40-50 milyon nümunə arasında dəyişir. Proqnozdan belə məlum olur ki, 2018-ci ilin ikinci yarısında rüblük göstəricilər iki dəfə artacaq.

Ehtimallara görə, bu yay təqdimatı gözlənilən qurğu 6,1 düym diaqonallı “LCD” ekran, eləcə də sifətin tanınması sistemi əvəzinə, barmaq izi skaneri ilə təchiz olunacaq. Smartfonun ilkin qiyməti 700-800 dollar təşkil edəcək.

Xatırladaq ki, analitikin əvvəlki proqnozuna görə, “Apple” şirkəti 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxacaq.

İki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.

Bildirilir ki, dizayna görə hər üç smartfon “iPhone X” modelinə bənzəyəcək. Bundan başqa, onlar “True Depth” kamerasına malik olacaq.

“KGI Securities” şirkətinin əvvəlki proqnozuna görə, “Apple” şirkəti 2018-ci ildə “Touch ID” texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək “Face ID” (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək. Bundan əlavə, “OLED” modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir. 

Nizam Nuriyev 





16/02/18    Çap et