Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu şirkətlər avtomobilləri kiberhücumlardan qoruyacaq


İnformasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş həllərin istehsalçısı “Trend Micro” şirkəti və elektronika istehsalçısı “Panasonic” şirkəti avtomobilləri kiberhücumlardan müdafiə etmək üçün birgə əməkdaşlığa başlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Panasonic” və “Trend Micro” şirkətləri tərəfindən yaradılacaq birgə həll avtomobilin yolda hərəkətinə nəzarət edən elektron idarəetmə blokuna icazəsiz giriş cəhdlərinin qarşısını almağa kömək edəcək.
 
“Bulud” texnologiyası vasitəsilə fasiləsiz monitorinq aparılacaq. Müdaxilə cəhdləri haqda məlumatlar təhlil və nəqliyyat vasitələrinin mühafizəsi üzrə sonrakı təkmilləşdirmələr üçün “bulud” platformasına göndəriləcək.
 
“Panasonic” şirkəti əməkdaşlıq çərçivəsində icazəsiz giriş hallarının aşkar edilməsi və qarşısının alınması üçün “Control Area Network” (“CAN”) texnologiyasını təqdim edəcək, “Trend Micro” şirkəti tərəfindən "əşyalar interneti" üçün həllər isə internetdən daxil olan hücumların aşkar edilməsi üçün avtomobillərin informasiya-əyləncə sistemlərində tətbiq olunacaq.
 
Tərəfdaşlar 2020-ci ildən sonra avtomobillərin kiberhücumlardan müdafiəsi üçün birgə kommersiya həlli təqdim etməyi planlaşdırırlar.
 
Emil Hüseynov





22/02/18    Çap et