Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” çap funksiyalı ilk dron təqdim olunub


Çinin “DediBot” şirkəti “Fly Elephant” adlı uçan üçölçülü printer – quraşdırılmış “3D” çap funksiyasına malik pilotsuz uçan aparat yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, məlumata görə, “Fly Elephant” aparatının 6 rotoru altında xüsusi ekstruder vasitəsilə üçölçülü çap üçün material daxil edən “Open-ended Additive Manufacturing” (OAM) üçölçülü çap avadanlığı quraşdırılıb. Bundan başqa, qurğu 0,1 millimetr dəqiqliklə çap etməyə imkan verir.

Həmçinin uçan “3D” printer digər eyni aparatlarla birlikdə işləyə bilir. Belə printerlər dəstəsi müxtəlif materiallardan eyni detal yaradır. Bu halda müsbət cəhət ondan ibarətdir ki, hazırlanan məmulatın ölçüsü əksər masaüstü “3D” printerlərdə olduğu kimi, iş məkanı ilə məhdudlaşmır.

Buna baxmayaraq dron akkumulyator batareyalarının az müddət işləməsi kimi çatışmazlığa malikdir. Lakin “DediBot” şirkəti tərəfindən qurğunun simsiz enerjidoldurma texnologiyası ilə təchiz edilməsi planlaşdırılır. İstənilən halda, təqdim olunan model yalnız sınaq nümunəsidir və şirkət hazırda perspektivsiz görünən qurğunun təkmilləşdirilməsinin və inkişafının davam etdirilməsi ilə məşğuldur.

Nizam Nuriyev






09/03/18    Çap et