Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni Zelandiyada avtonom uçan taksinin sınaqları keçirilir


Yeni Zelandiyanın “Kitty Hawk” startapı “Cora” pilotsuz uçan aparatın sınaqlarına başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, nəqliyyat vasitəsi vertolyot kimi vertikal qalxa və enə, eləcə də təyyarə kimi uça bilir. Layihə 8 il ərzində hazırlanıb. Aparatın 6 il sonra satışa çıxarılması planlaşdırılır.
 
Məlumata görə, avtonom uçan taksi elektrik mühərriki ilə işləməsi səbəbindən ətraf mühit üçün təhlükə törətmir. Sərnişin tutumu 2 nəfər təşkil edən “Cora” 150-900 metr hündürlükdə saatda 150-180 km sürətlə hərəkət edir. Tam enerji topladıqdan sonra uçuş məsafəsi 100 km təşkil edir. Vertikal uçuşu 12 start mühərriki, havada hərəkəti isə 1 əsas mühərrik təmin edir. 
 
Pilotsuz uçan aparat naviqasiya hesablamaları ilə məşğul olan 3 bort kompüteri ilə təchiz olunub. Onlardan biri sıradan çıxacağı təqdirdə digərləri onun vəzifələrini öz üzərinə götürəcək. Fövqəladə hallar üçün aparatda vintlərin işləməyəcəyi halda belə enməyə imkan verəcək paraşüt nəzərdə tutulub.
 
“Cora” pilotsuz uçan taksinin nəqliyyat sisteminin tərkib hissəsi olaraq ayrı-ayrı insanlara deyil, şirkət və avtomobil parklarına satılacağı gözlənilir.
 
Nizam Nuriyev
 







14/03/18    Çap et