Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumat sızmalarının sayında 25 faiz azalma qeydə alınıb


“IBM” şirkəti “X-Force Threat Intelligence Index” tədqiqatının informasiya təhlükəsizliyi sahəsində son tendensiyalara həsr olunan növbəti versiyasını açıqlayıb. Tədqiqatda, həmçinin məlumat sızmalarının sayının 25 faiz azalması qeyd olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, 2017-ci ildə dünyada istifadəçi və şirkətlərin 2,9 milyarddan çox məlumatı oğurlanıb. 2016-cı ildə bu göstərici 4 milyard təşkil edib.

2017-ci ildə oğurlanan məlumatların təxminən 70 faizini cinayətkarlar düzgün sazlanmayan “bulud” serverləri nəticəsində ələ keçiriblər. Bu səbəbə görə sızmaların həcmi 2016-cı illə müqayisədə 424 faiz artıb. Beləliklə, hakerlər informasiya texnologiyaları infrastrukturlarında insan səhvlərindən aktiv yararlanmaqda davam edirlər.

Ötən il hər üçüncü kiberinsident istifadəçilər zərərli sayta keçid alanda və ya elektron məktublarda viruslu fayllar yükləyəndə yaranan fişinq hücumunun payına düşüb. Bu metoddan daha çox şirkətlərdə spamın göndərilməsi kampaniyalarında istifadə olunur.

Əvvəllər hakerlər daha çox maliyyə şirkətlərinə hücumlar etsələr də, 2017-ci ildə bu sektorun kiberhücumların ümumi sayında payı 17 faizədək azalıb. Birinci yerə hücumların üçdə bir hissəsinə sahib çıxan informasiya texnologiyaları sahəsi yüksəlib. İstehsal sektorunun payı 18 faizə bərabər olub.

Bununla yanaşı, ümumilikdə bütün kiberinsidentlər nəzərə alınsa, maliyyə xidmətləri bazarı kompüter fırıldaqçıları üçün ən cəlbedici sahə olaraq qalır: 2017-ci ildə burada pay 27 faizə çatıb. “IBM” tərəfindən maliyyə şirkətlərinə hücum edən ən geniş yayılmış virus kimi “Zeus” zərərli proqramını birinci yerdən sıxışdıran “Gozi” göstərilir.  

Bundan əvvəl “IBM” və “Ponemon Institute” təşkilatı tədqiqat apararaq 2017-ci ildə bir məlumat sızmasının dünya şirkətlərinə orta hesabla 3,62 milyon dollar ziyan vurmasını müəyyənləşdiriblər. Bir il əvvəl bu göstərici 4 milyon dollar olub. İtirilən və ya oğurlanan məlumatın orta qiyməti 141 dollar təşkil edir. Səhiyyədə bu göstərici ən yüksəkdir (380 dollar).

Dünyada müəssisələrin məlumat sızmalarından ziyanlarının azalmasına baxmayaraq bir sıra ölkələrdə əks tendensiya müşahidə olunur. Məsələn, ABŞ-da məlumat itkilərinə görə xərclər 5 faiz artaraq 7,35 milyon dollara çatıb.

2017-ci il hesabatında təhlil edilən qlobal məlumat sızmalarının təxminən 47 faizi pisniyyətli və ya cinayətkar hücumlarla əlaqədar olub.  

Nizam Nuriyev






05/04/18    Çap et