Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür


Bu gün Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür.
 
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb.
 
Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib.
 
1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.
 
Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib.
 
XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb.
 
Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru "Azərpoçt" MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir.

Hazırda "Azərpoçt" MMC-nin tərkibi 70 filialdan, o cümlədən 63 rayon/şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, "Azərekspresspoçt" rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarətdir. Poçt filiallarının tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.
 
Sahə üzrə fəaliyyət göstərən bir sıra nüfuzlu təşkilatların üzvü olan "Azərpoçt" Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatorları arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan "Şəbəkə" layihəsinin tətbiqinə başlayıb.

Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi və qəbulu, sürətli poçt xidməti, poçt maliyyə əməliyyatları, pulköçürmələr, kommunal və sığorta ödənişlərinin qəbulu və s. həyata keçirildiyi halda, "Şəbəkə" mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur.

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, "Şəbəkə" mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Hazırda ölkə üzrə 7 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi və Xəzər rayonlarında, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.

"Şəbəkə" xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə "Şəbəkə" mərkəzlərinin Azərbaycanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır. 













01/06/18    Çap et