Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 24-də Cenevrədə (İsveçrə) öz işinə başlayan ITU Telecom World 2011 tədbirində iştirak edir.

Nümayəndə heyətinə nazirlik əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının və İT-şirkətlərin nümayəndələri də daxildir.

Tədbir qlobal informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üçün sahənin strateji inkişafını müəyyənləşdirən iri toplantıdır.

ITU Telecom 2011 çərçivəsində həmçinin qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr edilən sərgi keçiriləcək. Azərbaycan sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi ayrıca Milli pavilyonla təmsil olunur.

Ümumilikdə pavilyon ölkənin son illər informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurları bariz şəkildə nümayiş etdirəcək. Stendlərdə ölkədə həyata keçirilən layihələrlə tanış olmaqla, qonaqlara müxtəlif sahələrdə yeni texnologiyaların tətbiqindən bəhs edən təqdimatlar nümayiş etdiriləcək.

Sərgidə dövlət sektoru ilə yanaşı, həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən xarici özəl İT-şirkətlər təmsil olunmaqla öz layihə, ideya və həllərini göstərəcəklər.

Qeyd edək ki, ITU Telecom World 2011 tədbirinin təşkilatçısı qismində Beynəlxalq Telekomunikasiya İttifaqı çıxış edir.

Tədbir İKT sektorunun qlobal məsələlərini müzakirə edəcək dövlət və hökumət başçılarını, nazir, İT-şirkət rəhbərlərini, məsləhətçi və müşavirləri, yüksək texnologiyalar sahəsinin novatorlarını birləşdirir.

Tədbirin üçgünlük proqramının əsas hadisələrinə dünya telekommunikasiyalarının problem və inkişaf perspektivləri, o cümlədən genişzolaqlı rabitənin inkişafı, gələcək nəsil şəhər mühitinin (rəqəmsal şəhərlər) müzakirələri, bulud hesablamalarının sürətli inkişafı, informasiya təhlükəsizliyinin və məlumatların məxfiliyinin təmini məsələləri və s. daxildir.

Onu da qeyd etmək lazımdır ki, hazırkı Telecom World-2011 sərgisi 1971-ci ildə keçirilən ilk Telecom tədbirinin 40 illiyi ilə əlamətdardır.




25/10/11    Çap et