Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonlarına tələbat azalır


“Apple” şirkəti komplekt hissə tədarükçülərinə “iPhone” smartfonlarına tələbatın azalması ilə bağlı xəbərdarlıq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, tədarükçülərə şirkətin qurğuları üçün komponent hissələrinin istehsal həcminin təxminən 20 faiz azaldılması ilə bağlı məlumat verilib. Bu ondan xəbər verir ki, şirkət öz istehsalı olan qurğular ətrafında ajiotajın azalmasını etiraf edir.

Bildirilir ki, bir il əvvəl şirkət tədarükçülərə təxminən 100 milyon smartfonun, o cümlədən “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” modellərinin istehsalı üçün zəruri olan komplekt hissələri sifariş edib. Bu il isə “Apple” tərəfindən 80 milyon qurğunun istehsalı üçün komponentlər sifariş olunub.

Şirkət sərmayədarları bundan əvvəl də dünyada “iPhone” smartfonlarına tələbatın azalması ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Cari ilin birinci rübü ərzində ABŞ istehsalçısı 52,2 milyon smartfon satıb. Halbuki analitiklər tərəfindən bu rəqəmin 53 milyon qurğu təşkil edəcəyi proqnozlaşdırılıb. Ötən həftənin cümə günü şirkətin səhmlərinin qiyməti 2 faiz ucuzlaşıb.

Qeyd edək ki, 1976-cı ildə yaradılan “Apple” şirkəti “iPhone” smartfonları, “iPad” planşet kompüterləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri, eləcə də digər texnika istehsal edir. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkətin bazar kapitallaşması 900 milyard dolları üstələyir.

Nizam Nuriyev






11/06/18    Çap et