Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il internetdə kibercinayətkarlığa həsr edilən hesabat dərc edilib


ABŞ Federal Təhqiqatlar Bürosu 2017-ci ildə dünyada internetdə kibercinayətkarlığın əsas tendensiyalarının təhlilinə həsr edilən hesabat dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, 2017-ci ildə korporativ elektron poçt ünvanlarının ələ keçirilməsi, fırıldaqçı proqram təminatının yayılması və kibercinayətkarların özlərini texniki dəstək xidməti qismində qələmə verməsi kimi müxtəlif fırıldaqçı taktikaların populyarlığında artım qeydə alınıb. Ötən il İnternetdə Cinayətlərə Reaksiya Mərkəzinə (Internet Crime Complaint Center, IC3) kibercinayətlərlə bağlı ümumilikdə 301 580 şikayət daxil olub.  

Məlumata görə, 2017-ci ildə daha çox yayılmış cinayət növləri fərdi məlumatların oğurlanması və fişinq hücumları olub. Ən böyük ziyanı elektron poçt ünvanlarının ələ keçirilməsi, eləcə də sifariş edilmiş məhsulun ödənilməməsi və ya çatdırılmaması halları ilə bağlı insidentlər vurub.

ABŞ-dan kənarda kibercinayətlər haqqında daha çox məlumatlar Kanada, Hindistan, Böyük Britaniya, Avstraliya, Meksika, Rusiya və Braziliyadan daxil olub.

Nizam Nuriyev






25/06/18    Çap et