Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eset” kibermühafizə üzrə qlobal alyansa qoşulub


“Eset” antivirus proqram təminatı istehsalçısı istifadəçilərin kibertəhdidlərdən qorunması üzrə beynəlxalq alyansa üzv olub. Təşkilata “Facebook”, “Microsoft”, “SAP”, “Oracle”, “Cisco”, “НР Inc.”, “Dell” və “VMware” kimi 40-dan çox İT şirkəti daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, alyansa üzv olan “Eset” onun əsas prinsiplərinə əməl edəcək: hücum edənlərin motivlərindən asılı olmayaraq bütün istifadəçilərin bərabər mühafizəsi, hökumətlər tərəfindən təşkil edilən hücumlarda iştirakın qəbul edilməməsi, məhsul və servislərdən pis niyyətlə istifadəsinin qarşısının alınması, eləcə də texnoloji əməkdaşlığın inkişafı və kibertəhdidlər barədə məlumat mübadiləsi.

Texniki direktor Yuray Malkonun sözlərinə görə, kibertəhlükəsizlik üzrə imzalanmış texnoloji saziş (Cybersecurity Tech Accord) şirkətin insanların, məlumatların və qurğuların mühafizəsinə aid sahələrdə təcrübəsinə və yüksək nüfuzuna uyğundur.

“Symantec” şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə hakerlərin internet istifadəçilərinə vurduğu ziyanın məbləği 172 milyard dollar təşkil edib. Kiberfırıldaqçıların əməllərindən ümumilikdə dünyanın 20 ölkəsindən 978 milyon nəfər ziyan çəkib.

Nizam Nuriyev






05/07/18    Çap et