Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android 9.0 Pie” sisteminin yekun versiyasını təqdim edib


“Google” şirkəti 6 avqust tarixində “Android P” mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib. Məlumat üçün bildirək ki, sözügedən sisteminin elanı 20 avqust tarixinə gözlənilirdi. Yeni platforma “Android 9.0 Pie” adlandırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, cari ilin martında elan edilmiş “Android”in yenilənmiş versiyasında bir sıra dəyişikliklər edilib: enerji sərfiyyatına nəzarət sistemi təkmilləşdirilib, jestlərlə idarəetmə sistemi yenilənib, mobil tətbiqlərdən istifadə üzrə məlumatlara baxmağa imkan verən “Android Dashboard” paneli, “Android”in əsas menyusunda mobil proqramların müəyyən funksiyalarından istifadə imkanı və bir sıra başqa yeniləmələr əlçatan olub.

 
Hazırda yalnız “Google Pixel” smartfonlarının sahibləri “Android 9.0 Pie” sistemini öz qurğularına quraşdıra bilər, payızın sonuna kimi isə “Sony”, “Xiaomi”, “HMD Global” (“Nokia” brendi), “Oppo”, “Vivo”, “OnePlus” və “Essential” smartfonlarının istifadəçiləri də yeni sistemdən istifadə edə biləcəklər.

 


Emil Hüseynov





07/08/18    Çap et