Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair KOICA ilə razılıq əldə olunub


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan üzrə direktoru Kumok Park Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını (YTP) ziyarət edib.
 
Görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında ətraflı məlumat verərək gələcək planlardan danışıb.
 
T.Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri Yüksək Texnologiyalar Parkının rezidentləri ola bilər. O, parkın rezidentləri üçün güzəştlər və münbit şəraitin yaradıldığını qeyd edib.
 
Kumok Park isə öz növbəsində bildirib ki, YTP ilə strateji əməkdaşlıq imkanları mövcuddur. O, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə dəstəkləməyə hazır olduğunu vurğulayıb. 
 
Eyni zamanda görüşdə KOICA təlim və proqramları haqqında ətraflı məlumat verilib. Gələcəkdə KOICA və YTP arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi müzakirə edilib.
 
Bundan başqa, birgə layihələrin reallaşdırılmasına, startaplar üçün KOICA ilə  mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.






08/08/18    Çap et