Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” – internet vasitəsilə zənglərin qəbul edilməsi və yüksəkkeyfiyyətli yayım


“Bakutel-2018” sərgisində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin müştərilərinə bir sıra yeni xidmətlər təqdim edib. İP protokolu üzərindən çalışan interaktiv televiziya xidməti bir sıra üstünlüklərə malikdir. Bura internet ilə istənilən yerdən qoşulma imkanı, yeni və sadə interfeys, görüntünü dayandırma və yenidən izləmə imkanı, daha yüksəkkeyfiyyətli və kəsintisiz yayım daxildir.

Bundan başqa, şəbəkədə məlumat mübadiləsi üçün tətbiq edilən “SIP (Session Initiation Protocol)”  universal standart hesab olunur. “SIP” üzərindən qurulan telefoniya müştərilərə internet vasitəsilə giriş və çıxış zənglərinin qəbul edilməsi, yönləndirilməsi və digər çevik xidmətlərdən istifadə etmək imkanını verir.  Zənglər internet üzərindən xüsusi proqram təminatı ilə icra edilir.

 Korporativ və fərdi müştərilərə təqdim olunan ayrılmış xətt üzərindən internet xidməti yüksək sürət, simmetrik “upload” və “download”, 24/7 rejimində kəsintisiz ötürülmə və digər üstünlüklərə malikdir. Bir və ya bir neçə şəbəkə avadanlıqlarının və ya istifadəçilərin internetə qoşulması ayrılmış kabel və ya simsiz kanal vasitəsi ilə həyata keçirilir.

Regionlarda telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi məqsədilə 2018-ci ilin əvvəlində  “Aztelekom” tərəfindən yeni LTE (Long-Term Evolution) texnologiyasının tətbiqi uğurla reallaşdırılıb. Xaçmaz rayonunda quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərə 100 mbit/s sürətli internet verilməsi təmin olunub.  Bu da müştərilərə internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə etmək imkanı yaradır.

İnternet üzərindən təqdim olunan virtual ATS xidməti isə əlavə avadanlıq tələb olunmadan sadəcə abunə haqqını ödəməklə müştərilərə müəssisələrdə ATS və çağrı mərkəzindən istifadə etmək imkanını yaradır. İP ATS vasitəsilə edilən bütün zənglər qeydə alınır və müştəriyə təqdim edilir.





07/12/18    Çap et