Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kasperski laboratoriyası” və İnterpol arasında əməkdaşlıq haqqında sazişin müddəti uzadılıb


"Kasperski laboratoriyası" şirkəti İnterpolun yüksək texnologiyalar sahəsində təhqiqatlarla məşğul olan xüsusi bölməsi ilə əməkdaşlıq haqqında sazişin müddətini uzadıb. Sənəd 5 illik müddətə imzalanıb. Bu, ikinci sazişdir, birincisi 2014-cü ildə imzalanıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, əməkdaşlıq çərçivəsində şirkət beynəlxalq polis təşkilatına kibercinayətlərin araşdırılmasında geniş konsultasiya dəstəyi göstərəcək, təşkilatın əməkdaşları üçün təlimlər keçirəcək və müasir rəqəmli təhlükələr haqqında məlumatlar, eləcə də onların öyrənilməsi üçün alətlər təqdim edəcək. Bundan başqa, şirkət İnterpolun dünyanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanlarının İT təhdidləri və cinayətkarlarla mübarizədə ekspertizasının genişləndirilməsi ilə bağlı təşəbbüslərini dəstəkləyəcək.  
 
"Mürəkkəb təhdidlərin sayı artdıqca beynəlxalq əməkdaşlıq və ekspertiza mübadiləsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Biz şadıq ki, İnterpolla tərəfdaşlığı davam etdiririk və ona bütün dünyada kibercinayətlərlə mübarizə üçün lazım olan məlumat və texnologiyalardan istifadə etmək imkanı veririk", – şirkətin baş direktoru Yevgeni Kasperski bildirib.

1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində çalışan "Kasperski laboratoriyası" şirkəti 200 ölkədə fəaliyyət göstərir və 5 qitənin 31 ölkəsində 35 regional ofisə malikdir. Onun əməkdaşlarının sayı 4 mindən çox yüksək ixtisaslı mütəxəssisdən ibarətdir, şirkətin məhsul və texnologiyalarından istifadəçi auditoriyası isə 4 milyon nəfər və 270 min korporativ müştəri təşkil edir.
 
Nizam Nuriyev





03/07/19    Çap et