Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislər “Android” üçün yeni fırıldaqçı proqram haqqında xəbərdarlıq ediblər


Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “CSIS” şirkətinin mütəxəssisləri “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün təhdid yaradan yeni fırıldaqçı proqram aşkar ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, “Google Play” mobil tətbiqlər mağazasında istifadəçilərə smartfon üçün təkmilləşdirmələr adı altında "Updates for Samsung" proqramını yükləmək təklif edilir.
 
Ancaq proqram quraşdırılandan sonra istifadəçilər “Android” sistemi haqqında müxtəlif məqalə və xəbərlərin yerləşdirildiyi “update.com” saytına daxil olurlar.
 
Bundan başqa, proqramın bəzi bölmələrində rahat istifadəyə mane olan çoxsaylı reklam elanları yerləşdirilib və 9 dollar qarşılığında reklamı deaktiv etmək təklif edilir. Həmçinin sözügedən proqram 34,9 dollar qarşılığında smartfonun yenilənmələri üçün illik abunə təklif edir. Ancaq xidmət haqqı “GooglePlay” üzərindən edilmir və proqram istifadəçinin kredit kartı haqqında bütün informasiyanı ələ keçirir.
 
Şirkətin ekspertləri istifadəçiləri diqqətli olmağa çağırırlar, çünki bu proqram 10 milyon dəfədən çox yüklənilib və pulköçürməsi etmiş istifadəçilərin sayı məlum deyil. Mütəxəssislər, həmçinin qeyd ediblər ki, smartfonu yalnız daxili sazlamalar vasitəsilə yeniləmək lazımdır.
 
Emil Hüseynov




06/07/19    Çap et