Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq


“Gartner” analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc edib. Ekspertlərin gözləntisinə görə, 2019-cu ildə belə qurğuların tədarükü 2,2 milyard ədədə çataraq 2018-ci illə müqayisədə 3,3 faiz azalacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ən zəif tələbat mobil telefonlaradır. Bu il onların tədarükü 3,3 faiz azalaraq 1,7 milyard ədəd təşkil edəcək. Şirkətin tədqiqatlar üzrə direktoru Rancit Atvalın sözlərinə görə, bu, 2015-ci ilin göstəricisindən (1,9 milyard ədəd) 10 faiz azdır.

 

2023-cü ilin ortalarınadək smartfonların orta istismar müddətinin hazırkı 2,6 ildən 2,9 ilədək artacağı gözlənilir. Proqnoza görə, 2019-cu ildə smartfonların satışı 2,5 faiz aşağı düşəcək. Bu isə bazar tarixində ən böyük azalmadır.

 

Tədqiqatda qeyd olunur ki, dünya mobil telefonlar bazarının həcmi 2020-ci ildə cüzi artaraq 1,77 milyard ədədə bərabər olacaq. 2021-ci ildə isə tədarük 1,76 milyard ədədədək azalacaq.

 

Fərdi kompüterlərin tədarükünə gəldikdə, 2019-cu ilin yekunları üzrə onların qlobal miqyasda tədarük həcmi 257 milyon ədəd səviyyəsində gözlənilir. Bu, ötənilki göstəricidən 1 faiz azdır.

 

“ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi və potensial rüsum tətbiqi bu il fərdi kompüterlər bazarına təsir edə bilər”, – R.Atval bildirib.

 

Analitiklər vurğulayır ki, ikinci rübdə kompüter bazarında 1,5 faizlik artıma baxmayaraq 2019-cu ilin yekunları üzrə vəziyyət qeyri-müəyyən olaraq qalır.

 

Aprel-iyunda fərdi kompüter və noutbukların satışının artmasına şirkətlərin yeni qurğuların artması ilə müşahidə olunan “Windows 10” əməliyyat sisteminə keçməsi kömək edib. “Gartner” analitiklərinin fikrincə, 2021-ci ilin əvvəlində korporativ fərdi kompüterlərin 75 faizi “Windows 10” sisteminin idarəetməsi ilə işləyəcək.

 

Tədqiqatçıların proqnozuna görə, 2020-ci ildə fərdi kompüterlərin qlobal tədarükü 252,7 milyon ədədədək azalacaq, 2021-ci ildə isə 252,6 milyon ədəd olacaq. Bununla yanaşı, bahalı portativ qurğuların tədarükü artmaqda davam edəcək.

 

Nizam Nuriyev






17/07/19    Çap et