Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni müşahidə kamerası 1000 metr məsafədən avtomobilin nömrəsini tanıyır


Yaponiyanın “Fujifilm” şirkəti dünyanın ən uzaq məsafəli müşahidə kamerasını hazırladığını bildirib. İstehsalçının iddiasına görə, “SX800” modeli 40 qat optik zum və 20-800 mm fokus məsafəsinə malikdir ki, bu da 1000 metr məsafədən avtomobilin nömrəsini oxumağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, ancaq “SX800” modelini ən uzaq məsafəli kamera adlandırmaq olmaz. Məsələn, “Nikon P1000” modeli 24-3000 mm fokus diapazonuna malik 125 qat optik zumla təchiz edilib. Buna baxmayaraq, “Fujifilm” şirkətinin yeni həlli ticarət şirkətləri tərəfindən təhlükəsizlik məqsədi ilə istifadə üçün daha uyğundur: 0,3 saniyə ərzində fokuslana bilir, optik sabitləşmə funksiyasını və şəklin işlənməsi mühərrikini dəstəkləyir ki, bu da uzaq məsafədə olan obyektlərə dumanlı havada baxmağa imkan verir. Bundan başqa, yeni kamerada ISO diapazonu gecə çəkilişi üçün 819200 təşkil edir.

 

“SX800” modeli beynəlxalq sərhədlər, meşə massivləri və (aeroport, nəqliyyat magistralları və dəniz portları) ictimai obyektlərin monitorinqi üçün nəzərdə tutulub. 26 iyuladək satışa çıxarılacaq yeni cihazın qiyməti hələ ki məlum deyil.

 

Emil Hüseynov






25/07/19    Çap et