Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” qurğuları üçün yeni mühafizə texnologiyası hazırlanır


“Google” və “ARM” şirkətləri “Android” sistemli qurğular üçün aparat həlləri sahəsində əməkdaşlığa başlayıblar. Texnoloji nəhənglərin əməkdaşlığı çərçivəsində hazırlanan yeni texnologiya populyar mobil əməliyyat sisteminin ən yeni versiyalarının idarəetməsi ilə işləyən smartfon və digər qurğuların təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Google” şirkəti Britaniyanın “ARM” çip istehsalçısı ilə “yaddaş markirovkasının genişləndirilməsi” (MTE) adlı yeni aparat alətinin hazırlanması haqqında saziş imzalayıb. Proqram təminatı nəhənginin bloqunda deyilir ki, yaddaşdan istifadədə təhlükəsizliklə bağlı problemlər “Android” üçün əlavələrin hazırlanması zamanı istifadə edilən C və C proqramlaşdırma dillərində geniş yayılıb.

 

Qurğuların proqram təminatını yükləməklə “ASAN” və “HWASAN” proqram alətləri tərəfindən aşkarlanan boşluqlar indi əlavələr təqdim edilməmişdən əvvəl proqram təminatının hazırlanmasının bütün mərhələlərində daha tez müəyyənləşdiriləcək. “MTE” yaddaşdakı kritik boşluqlar barədə ətraflı məlumatın alınması üçün dəqiq və qurğunun prosessorunu az yükləməklə fonlu monitorinq üçün qeyri-dəqiq olmaqla iki iş rejimi ilə təchiz ediləcək.

 

Texnologiya kommersiya qurğularında tətbiq edildikdən sonra “Android” əməliyyat sistemi onu proqram səviyyəsində dəstəkləməyə hazır olacaq. “Google”, həmçinin gələcək “Android” qurğularının “MTE” texnologiyası ilə uyğunluğu üçün mütləq sertifikatlaşdırılma imkanını nəzərdən keçirir.

 

Nizam Nuriyev






06/08/19    Çap et