Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiberhücum qurbanlarına kömək üçün təşkilat yaradılacaq


"Microsoft" korporasiyası və "Hewlett Foundation" fondu "Cyber Peace Institute" adlı qeyri-kommersiya təşkilatı yaradacaqlar. Təhlükəli kiberhücumlar barədə xəbərdarlıq edəcək və zərərçəkənlərə kömək göstərəcək təşkilatın yaxın bir neçə həftə ərzində fəaliyyətə başlayacağı gözlənilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, Las-Veqasda keçirilən "B-Sides" konfransında verilən məlumata görə, "Cyber Peace Institute" mütəxəssisləri təhqiqatlar aparacaq, mülki hədəflərə miqyaslı kiberhücumlar haqqında analitik informasiya təqdim edəcək, xərcləri qiymətləndirəcək, həm ayrı-ayrı şəxsləri, həm də şirkətləri təhlükəsizlik alətləri ilə təchiz edəcəklər.

 

Bildirilir ki, təşkilata "Microsoft" və "Hewlett Foundation" ilə yanaşı, "Facebook", "Mastercard" və "Ford Foundation" daxil olacaq. Lakin "Cyber Peace Institute" onun maliyyələşdirilməsi ilə məşğul olan heç bir şirkətdən asılı olmayacaq.

 

"Hewlett Foundation" tərəfindən təşkilata növbəti beş il üçün 5 milyon dollar ayrılıb. "Facebook" şirkətinin isə 250 min dollar ayıracağı gözlənilir. Təşkilatın maliyyələşdirilməsində iştirak edəcək "Microsoft" və "Mastercard" şirkətləri tərəfindən hansı məbləğin təqdim ediləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev






11/09/19    Çap et