Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrədə “5G” şəbəkəsinin istifadəyə verilməsi etirazlara səbəb olub


Minlərlə İsveçrə sakini Bern küçələrinə çıxaraq beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verilməsinə etiraz edib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, məlumata görə, İsveçrə "5G" şəbəkəsinin tətbiq edildiyi ilk ölkələrdəndir. Etirazlar elektromaqnit dalğalarının təsirinin sağlamlıq və ətraf mühit üçün təhlükəli olması ilə əlaqədardır.
 
İndiyədək beşinci nəsil rabitə şəbəkəsinin ziyanlı olması ehtimalını sübut edən tədqiqat aparılmasa da, bəzi insanlar elektromaqnit hiperhəssaslıqdan əziyyət çəkdiyini düşünür. Bu səbəbdən guya insanlar əmək qabiliyyətinin itirilməsindən tutmuş, mobil telefon, "Wi-Fi" marşrutlayıcısı, televizor və digər qurğuların təsirindən narahatlıq keçirir. İsveçrə Həkimlər Federasiyasının nümayəndələrinin fikrincə, "5G" şəbəkəsinin təhlükəli olmasını təkzib edən sübutlar mövcud olmadığına görə ölkədə texnologiyanın inkişafına hələ ki ehtiyatla yanaşmaq lazımdır.
 
Bildirilir ki, oxşar tədqiqat hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. İsveçrə hökuməti də risklərin öyrənilməsi üçün ekspertlər qrupu yaradıb. Onların işinin nəticəsinin ilin sonunda dərc ediləcəyi gözlənilir. Hazırda etirazçılar "5G" şəbəkəsinin sağlamlıq və ətraf mühitə təsiri öyrənilənədək onun tətbiqini qadağan edən referendumun keçirilməsi üçün tələb olunan 100 min imzanın toplanılması ilə məşğuldurlar. Onlar, həmçinin, istənilən şüalanmadan azad zonaların yaradılmasına tərəfdardırlar.
 
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.  
 
Nizam Nuriyev





30/09/19    Çap et