Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Surface Pro” planşetinin yeni versiyası rəsmən təqdim edilib


"Microsoft" korporasiyası "Surface Pro" seriyasına aid planşetin "Surface Pro 7" adlanan yeni modelini rəsmən nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ITCua.www.itc.ua" resursuna istinadən yazır ki, "Microsoft Surface Pro 7" adi dizayn və əvvəlki ekran ölçüsünə (12,3 düym) malikdir. Tərəflərinin nisbəti 3:2 təşkil edən "PixelSense" displeyinin təsvir ölçüsü 2736х1824 pikseldir. Lakin planşetin daxili komponentlərində böyük dəyişikliklər edilib.  
 
Bildirilir ki, çoxdan gözlənilən yeniliklərdən biri "USB-C" portunun inteqrasiya edilməsidir. Qurğu yeni onuncu nəsil "Intel Core" prosessorlarından istifadəyə başlayıb. Sistem konfiqurasiyası 4, 8 və ya 16 giqabayt tutumlu operativ yaddaş və 128 giqabayt və 1 terabaytlıq quraşdırılmış yaddaşdan ibarət ola bilər.
 
Təqdimat zamanı böyük diqqət yenilənmiş "Surface Pen" elektron qələminin imkanlarına yetirilib. O, "Word" sənədlərini və "Excel" elektron cədvəllərini redaktə etməyə imkan verir.
 
Yeni "Microsoft Surface Pro 7" versiyası oktyabrın 22-dən etibarən satışa çıxarılacaq. İlkin sifarişi daha əvvəl vermək mümkündür. Planşetin ilkin konfiqurasiyalarla təchiz edilən versiyasının qiyməti 749 dollar təşkil edir.
 
Nizam Nuriyev







04/10/19    Çap et